Ukrayna böhranı dünyada ərzaq qıtlığı yaradacaq – Azərbaycanı nə gözləyir?

AKTUAL İqtisadiyyat

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, ölkə taxıl və şəkərin ixracına müvəqqəti qadağa qoyub. Taxıl qadağası martın 31-dək qüvvədədir. Qadağa isə buğda, çovdar, arpa və qarğıdalıya aiddir.

Azərbaycana idxal olunan taxıl məhsulları məhz Rusiyadan gətirilir. Şübhəsiz ki, bu qadağa Azərbaycana təsirsiz ötüşməyəcək.

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı  danışarkən bildirib ki, keçənilki məlumatlara əsasən Azərbaycana Rusiyadan 780 min tondan çox taxıl idxal olunub:



“İdxal taxılın yarısını Rusiyadan almışıq. Rusiya öz ərzaq təhlükəsizliyini təmin etmək üçün, gələcəkdə izolyasiyadan doğan aclıq problemlərini həll etmək üçün taxıl satışına qadağa qoydu. Problem də odur ki, istənilən qədər məbləğin olsa da taxıl ala bilməyəcəksən. Azərbaycanın hələlik 280 günlük taxıl ehtiyatı var. Ukraynadan da taxıl almağımız mümkün deyil, alternativ yollar tapmalıyıq və tək çıxış yolu da Qazaxıstandır. Qazaxıstanla uzunmüddətli müqavilələr bağlanılmalıdır”.


N.Cəfərli söyləyib ki, bitki yağlarında müəyyən qıtlıq olacaq:

“Rusiya və Ukrayna dünya bitki yağları bazarının, əsasən də günəbaxan və qarğıdalı yağı bazarının yarıdan çoxunu təmin edirdi. Ukrayna yağ ixracatını tamamilə dayandırıb. Rusiya isə qadağa qoyub. Azərbaycanda bitki yağları ilə bağlı daha çox problem yaranacaq. Ölkəmizdə günəbaxan və qarğıdalı yağlarının qiymətinin bahalaşmasının şahidi olacağıq. Tikinti bazarında da qiymət dəyişib və dəyişməyə davam edəcək. Rusiyadan gələn tikinti materialları artıq bahalaşıb. Fermerlər uzun illərdir Rusiya bazarına öyrəşib. Rusiya bazarından qazandıqları gəlir hesabına növbəti əkin-biçin mövsümünə hazırlıq görürdülər. Yəni daxili bazardan çox az qazanırdılar. Qiymətlər daxili bazarda çox düşsə də, onların stimulu yaranmayacaq ki, növbəti mövsümdə daha çox əksinlər, istehsal etsinlər. O stimul qalmalıdır çünki qiymətlər çox düşərsə, gələn il heç kim pomidor, alma əkinçiliyi ilə məşğul olmayacaq. Rusiya bazarına Azərbaycan fermerləri mal çıxara bilməsələr, əkinçiklə məşğul olanların sayı azalacaq”.

İqtisadçı alternativ bazarlar barədə də danışıb:

“İllərdir xəbardarlıq edilirdi ki, tək Rusiya bazarından asılılığımız təhlükəlidir. Başqa bazarlara çıxış əldə etməyi bacarmalıyıq. Təəsüf ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadı, Avropa Birliyi ilə ticarət sazişinin imzalanması gecikdi. Bütün bunlar əlavə bazarlara çıxış imkanlarını məhdudlaşdırdı. Heç olmasa Azərbaycan höküməti indiki şəraitdə operativ davranmalı və Ümumdünya Ticarət Təşkilatı ilə, Avropa Birliyə və Ərəb ölkələri  ilə yeni sazişlər bağlanılmalıdır. Bizim Rusiyada həm rəqibimiz, həm də qardaşımız Türkiyə idi. Türkiyədə Rusiya bazarı zəiflədikcə öz üstünlüklərindən, əlaqələrindən istifadə edərək yeni bazarlara daha tez çıxacaq. Türkiyə ilə əlaqə yaradıb heç olmasa Azərbaycan məhsullarının da Türkiyə xətti ilə xarici bazarlara çıxarılması haqqında danışmalıyıq. Ticarətlə, xarici əlaqələrlə və immiqrantlarla bağlı böhran masası qurulmalıdır. Ənənəvi olaraq isə azərbaycanlı sahibkarlar öz məhsullarını Orta Asiya bazarında, Özbəkistan, Qırğızıstan və Türkmənistanda bazarlara çıxara bilərlər. Bu zaman isə Türkiyə və Özbəkistanla rəqabət aparacağıq. Çünki Özbəkistan da kifayət qədər kənd təssərüfatı ixrac edən ölkədir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir