“ABAD” publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə dəstək göstərilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa start veriblər.
“ABAD” publik hüquqi şəxs mikro, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə, sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə “ABAD”çılara (“ABAD”-ın müşayiəti ilə yaradılan və ya “ABAD”a qoşulmaqla öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlıq subyektləri) biznes-planlaşdırma, konsaltinq, marketinq, brendinq, dizayn, mühasibatlıq, hüquqi yardım, logistika işinin və satışların təşkili kimi dəstək xidmətləri göstərilir. SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsi ilə “ABAD”çılara güzəştli kreditlərin verilməsi də “ABAD”ın növbəti dəstək mexanizmidir.
Belə ki, 2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus üç investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə SİF “ABAD”çılara 110 min manat güzəştli kredit vəsaiti ayırıb.
“Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil kredit təşkilatı qismində çıxış edib. Maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.
Birgə əməkdaşlıq “ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılmasına, ailə təsərrüfatlarının rəqabət qabiliyyətinin, həmçinin, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, xüsusilə də ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.
www.RIA24.az