Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əsədov və Səlim Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Əsədov 20 il, S.Məmmədov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 26 dekabr 2017-ci ildə, gecə saat 02 radələrində Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində, Kərimbəyli-Alıxanlı avtomobil yolunun sol kənarında yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Belə ki, C.Əsədov tanışı S.Məmmədovla birgə piyada yanacaqdoldurma məntəqəsinə gediblər. Onlar orada tanınmamaq üçün özləri ilə əvvəlcədən götürdükləri maskanı üzlərinə geyinib, həmin gün işdə olan və məntəqənin dəmir vaqonunda istirahət edən operator, zərərçəkmiş şəxs Mahir Həsənovun (şərti) olduğu vaqonun qapısını döyüblər. Cavid ilə Səlim zərərçəkmiş şəxsə yalandan avtomobilinin benzini qurtardığı üçün plastik qabda benzin almaq istədiklərini deyiblər.
Mahir plastik qabda benzin satmadığını söyləyib və qapını açıb. Bu zaman onlar zərərçəkmiş şəxsin pulunu ələ keçirmək məqsədilə içəri keçərək ona hücum ediblər. Cavid taxta parçası ilə, Səlim isə təpik və yumruqla onun baş-qol nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə güclü zərbə vurublar. Mahir zərbələrin təsirindən qapının ağzında yerə yıxılıb. Səlim zərərçəkmişin şalvarının cibindən 600 manat pulu zorla götürməyə çalışıb. Bu zaman özünə gələn zərərçəkmiş şəxs əli ilə onun üzündə olan maskanı dartıb yerə salıb. Səlim 600 manat pulu götürdükdən dərhal sonra Cavidlə birlikdə oradan qaçıb gedib.
Qeyd edək ki, hadisədən bir neçə il sonra C.Əsədov qətl törətdiyinə görə 19 il 6 ay, S.Məmmədov isə digər quldurluq əməlinə görə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbsdə olan zaman 2017-ci ildə törətdikləri cinayət əməlinin də üstü açılıb.
www.102info.az