Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur” kitabını nəşr edib

Mədəniyyət


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur” kitabını nəşr edib.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında tərtib edilmiş kitabda 1988-ci ilin fevralından başlayaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində oykonimlər, oronimlər və hidronimlər haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılıb, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilib. Əsasən dilçilər, tarixçilər, coğrafiyaşünaslar, alimlər, tədqiqatçılar, siyasətçilər, müəllimlər, tələbələr üçün nəzərdə tutulan kitab hamımızın bilməli olduğumuz tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. Kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir. 

“Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur” kitabının müəllifləri Nazim Vəlişov və Tahir Kazımlı, layihə rəhbəri BBMM-in Himayəçilik Şurasının sədri, Xalq yazıçısı, akademik Kamal Abdulla, layihəyə məsul Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, elmi redaktoru isə AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevdir. Kitabın redaksiya heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, AMEA-nın Coğrafiya İnstitutunun Baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Baş məsləhətçisi, professor Həcər Verdiyeva, AMEA-nın Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, Azərbaycan Coğrafiya cəmiyyətinin vitse-prezidenti Müqabil Bayramov və AMEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru Aysel Qəribli daxildir. 

Xatırladaq ki, bundan əvvəl indiki Ermənistan Respublikasının ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilən “Həqiqətin onomastikası” kitabı nəşr edilib. Kitab Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi-alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə çap edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir