İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır.
“Report” xəbər verir ki, proqrama uyğun olaraq, festivalın sonuncu günü – avqustun 2-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.
Kamera musiqisi axşamında tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.
Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vokaliz”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Sergey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri səsləndirilib.
www.RIA24.az