Azərbaycandan Hindistana ən yaxın səyahət – REPORTAJ + FOTO

Mədəniyyət

Hindistan mədəniyyəti həmişə azərbaycanlılar üçün xüsusi maraq kəsb edib. Azərbaycanda, demək olar ki, hər kəs uşaqlıq illərində ən azı bir dəfə də olsa, hind filmlərinə baxıb, hind musiqilərini dinləyib. Məhz buna görə də Hindistan barədə hər birimizdə müəyyən fikir formalaşıb. Bu mistik mədəniyyətə sahib xalq istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində özünə xüsusi maraq dairəsi yaratmağı bacarıb. Bu ölkəyə səyahət etmək hər kəsə qismət olmasa da, Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin ab-havasını “Moda və həyat tərzi sərgisi” ilə ayaqlarımıza qədər gətirib.

“Report”un əməkdaşları həmin sərgiyə baş çəkərək reportaj hazırlayıblar.

Bakı İdman Sarayına daxil olarkən burnumuza ədviyyat ətri, qulağımıza hind musiqilərinin səsi gəlir. Sanki Hindistandayıq.

Hindistan mədəniyyətinin kifayət qədər geniş sferaları olsa da, hər biri özünəməxsusdur. Yəni istər moda, istər bədii oyma sənəti ilə hazırlanmış əşyaların, istərsə də digər zinət əşyalarının hər naxışı, hər bəzəyi ilə özündə hind toxunuşlarını ehtiva etdiyini görmək mümkündür.

Bəzəklərdən söz açdığımız zaman xanımlarımızın sərgiyə xüsusi marağından danışmadan keçmək olmaz. Azərbaycan xanımları ilə Hindistan xanımlarının ən oxşar cəhəti onların bəzək-düzək əşyalarına olan vurğunluğudur desək, yanılmarıq. Hind zinət əşyaları göstərişli, eyni zamanda zəngin görüntüsü ilə seçilir və sərgidə bunun üçün kifayət qədər stend ayrılıb. Görünür, Azərbaycan xanımlarının bu marağı hindlilərin də diqqətindən yayınmayıb və piştaxtaların qarşısındakı növbə bu fikrimizi təsdiqləmək bizə əsas verir.

Sərgi haqqında məlumat almaq üçün bir qədər də müşahidə apararkən qarşıda daha bir qələbəlik diqqətimizi çəkir. Bu zaman hind xınası ilə əlin üzərinə naxış çəkən xanımın möhtəşəm əl işlərinin şahidi oluruq. Beləliklə, növbənin səbəbi məlum olur. Xınanın yeri hind adət-ənənələrində çox önəmlidir. Xınasız toy-nişan mərasimlərini təsəvvür etmək mümkün deyil. İki xalq arasındakı oxşarlıq bu baxımdan da diqqəti cəlb edir.

Ədviyyatların sərgiləndiyi piştaxtaya yaxınlaşdıqda onların bir-birinə qarışan ətirləri insanın iybilmə reseptorlarını alt-üst edir. Burada bizə tanış olan və olmayan ədviyyatların rəng çalarları boya palitrasını xatırladır.

Hind xalqı xörəklə yanaşı, hətta çayı da belə ədviyyatlarla içir.

Tədbirdə “Bollivud mahnıları”nın müşayiətilə ifa olunan ənənəvi hind rəqsləri və xına (mendi) stendləri ziyarətçiləri valeh edir. Bir sözlə, “bir xalq öz mədəniyyətini kiçik bir sərgi ilə ən dolğun şəkildə necə nümayiş etdirə bilər?” sualına cavab olaraq, “Best of India” sərgisini rahatlıqla nümunə göstərə bilərik.

Qeyd edək ki, sentyabrın 2-dən başlayan sərgi bu ayın 12-dək davam edəcək. Orada ziyarətçilər Hindistan turizmi, mədəniyyəti və investisiya imkanları haqqında videoçarxları Azərbaycan dilində subtitrlərlə izləyə bilərlər. Sərgiyə giriş isə pulsuzdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir