Avstraliyanın Flinders Universitetinin okeanoloqları Hind okeanında Sumatra yaxınlığında yeni siklon növünü müəyyən ediblər.
Bununla bağlı araşdırma “Journal of Southern Hemisphere Earth Systems Science” nəşrində dərc olunub.
Bildirilir ki, alimlər Hind okeanının dipolunu (tropik sularda atmosferin və okeanın qarşılıqlı təsirini, hansı ki, qonşu ölkələrin iqliminə və yağıntılarına əhəmiyyətli dərəcədə təsir edir – red.) araşdırıblar. Onlar küləklərin gücü və istiqaməti ilə bağlı peyk məlumatlarını təhlil edərək müəyyən ediblər ki, bu bölgədə əvvəllər məlum olmayan siklon tipi formalaşır. Bu siklon SETIO (South-East Tropical Indian Ocean, tərcümədə Cənub-Şərqi Tropik Hind Okeanı) adlandırılıb.
Elm adamlarının sözlərinə görə, bu tip siklonlar qısa ömürlüdür, tez-tez qış və yaz aylarında baş verir və regionda havanı isti saxlamağa kömək edir. Ancaq bəzi illərdə “dramatik dəyişikliklər” olur və SETIO siklonları əmələ gəlmir. Belə dövrlərdə küləklər okeanın geniş ərazilərinə soyuq su gətirir ki, bu da həm hava axınlarında, həm də yağıntı xarakterində pozuntulara səbəb olur.
Alimlər SETIO siklonları kimi təbii prosesləri öyrənərkən səbəb-nəticə əlaqələrinin dəqiq qurulmasının vacib olduğunu vurğulayıblar. Bu cür tədqiqatlar Hind okeanının dipolunun təbiətini daha yaxşı başa düşməyə və nəticədə daha dəqiq hava proqnozlarına imkan verir.
Mənbə: Gazeta.ru
www.RIA24.az