Tırtıl kimi hərəkət edən, missiyası başa çatdıqdan sonra isə iz buraxmadan əriyən robotlar hazırlanıb.
Unikal ixtiranın müəllifləri Seul Milli Universitetinin alimləridir.
Bildirilir ki, robot “Terminator-2” filmindəki maye robot “T-1000”ə oxşayır.
Məlumata görə, bu möcüzə robotlar silikon qatrandan və ultrabənövşəyi işığa məruz qaldıqda flüor ionlarını buraxan xüsusi plyonkadan hazırlanıb. Normal rejimdə robot sıx konsistensiyaya malikdir. O, ən dar çatlardan keçə bilir.
Robotun missiyası başa çatdıqda insan operator yalnız bir düyməni basır – ultrabənövşəyi işıq-diodlar yanır, bu da robotun əriməsinə səbəb olur. O, iki saatdan az müddətdə əriyir və torpağa tez hopan yağlı bir maye buraxır.
Özünü məhvetmə qabiliyyətinə malik robotlardan kəşfiyyat zamanı istifadə edilə bilər. Robot bütün lazımi məlumatları toplayandan sonra kəşfiyyatçılara onun yox olması üçün sadəcə bir düyməni basmaq kifayət edəcək. Beləliklə, məxfi məlumatların icazəsiz şəxslərə ötürülməsi riski minimuma endirilir.
Bundan əlavə, robotlar təhlükəli yerlərdə axtarış missiyalarında istifadə edilə bilər. Belə ki, missiya başa çatdıqdan sonra robot insanlara təhlükə yaratmadan məhv olur.
Mənbə: Lenta.ru
www.RIA24.az