Çinin müdafiə naziri Li Şanqfu Moskvaya səfər edərək həmkarı Sergey Şoyqu və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bu ilin mart ayında müdafiə naziri və dövlət müşaviri təyin edilən Li Şanqfunun ilk beynəlxalq səfərini Rusiyaya etməsi Moskva-Pekin münasibətlərindəki ruhun təzələnməsini əks etdirir.
Rusiya ilə Çin Ukraynadakı müharibə səbəbi ilə yaranan geosiyasi boşluqlara sızmaq üçün xeyli əlləşirlər, daha doğrusu, Moskva Pekin orbitinə ehtiyac hiss edərək onun gücündən yararlanmağı hədəfləyir.
İlkin baxışda görünən budur ki, Pekinlə Moskva ABŞ və onun müttəfiqlərinin artan geosiyasi təzyiqləri qarşısında etimadı möhkəmləndirməyə çalışırlar.
Rusiya Ukraynada apardığı hərbi işğal kampaniyasının strateji uğursuzluqla nəticələnməməsi üçün Çindən həlledici dəstək gözləyir.
Qərb də eynilə Çindən nələrsə umur, hərçənd ki, NATO-nun genişlənmə siyasəti Pekinin maraqlarının ziddinədir.
Çin müdafiə nazirinin Rusiyaya səfəri Pekinin seçimində kimə üstünlük verdiyini əyani olaraq ortaya qoyur – bəli, alternativ güc mərkəzi Rusiyanı silahlandırmaq işində israrlı görünür.
Son məqsəd Rusiyanı qorumaq kimi təsnif olunmalı deyil, Çinin məramını belə oxumaq olar ki, o, Rusiyanı özü üçün bufer zona kimi istifadə etməkdə çox maraqlıdır.
Ona görə də Çin Rusiya ilə əməkdaşlığı ön plana çıxarır, Kremlin Ukraynadakı hərbi-siyasi, strateji ambisiyalarını axarına salmaq üçün ona silah-sursat ixrac etməyi belə nəzərdən keçirir.
Lakin nəzərə alınmalıdır ki, Rusiya ilə Çinin rəvan ünsiyyətləri uzunmüddətli perspektivdə uğursuzluq dairəsində fırlana bilər.
Yəni mümkündür ki, Çin Rusiyanın maraqlarının ziddinə Qərblə gizli danışıqlara girsin.
Ukraynadakı müharibə Çinin iddialı rolunu gücləndirib, bu, Rusiya üçün həm məqbuldur, həm də həyəcanlandırıcı.
Çünki Çinin münaqişələrin həllində və ya onların idarə edilməsində özünə yeni status qazandırması Rusiya ilə ərazi mübahisələrini də alovlandıra bilər.Hər halda, Çinlə Rusiyanın yaxınlığı ən çox Qərbi ruhdan salmağa qadirdir, hərçənd bu əməkdaşlıq situativ gedişlər üçün daha vacibdir.
Rusiya-Çin danışıqlarının Şanqfunun səfəri fonundakı izahı hərbi-texniki əməkdaşlıqdakı səhifələri vərəqləyir.
Rusiya tərəfi müzakirələrdə Çindən silahlar alıb onları Ukraynaya tuşlamaq məqsədlərini Pekinə izah edir. İndi əsas sual ortaya çıxır: Görəsən, Rusiya Çindən silahlar alsa, hansı regionda Pekinin geostrateji mövqeləri üçün güzəştə gedəcək?
Suala cavab axtararkən Çinin son zamanlar Yaxın Şərq siyasətində ABŞ-yə qarşı aktiv cəbhə açdığını göz önündə tutmalıyıq.
Əgər Rusiya Çindən silahlar alsa, Pekinin Yaxın Şərqdə qarşılaşa biləcəyi maneələri aradan qaldırmağa yardımçı olacaq.
İkinci cəbhə Asiya-Sakit okean regionudur, Rusiya Çinin bu regiondakı hərbi-siyasi təhlükəsizlik məqsədlərinə dəstək verə bilər. Bu, Çinin Tayvan məsələsində Qərblə gərgin münasibətlərində özünə dəstək qazanmağına kömək edəcək.
Aqşin Kərimov
www.RIA24.az