Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

AKTUAL Region

Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa ətrafında qədim yaşayış yerləri, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanın  ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

1747-ci ildə Nadir şahın ölümündən sonra Qarabağ bəylərbəyliyinin  ərazisində yaranan Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri olmuşdur. Məşhur Şuşa qalasının  əsasını Pənahəli xan qoymuşdur. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xanla rus generalı Sisianov arasında Kürəkçay müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu. Bundan sonra ermənilərin buraya köçürülməsinə başlanılmışdır.

1923-cü il iyulun 7-də Qarabağ bölgəsinə Sovet Rusiyasının himayədarlığı və iştirakı ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı status verilmiş və nəticədə Azərbaycanın ərazi bölgüsü kobudcasına pozulmuşdu. 1923-cü ildə qəbul edilən qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Qarabağa diqqət və qayğı  göstərmiş, erməni ərazi iddiaları iflasa uğramışdı. Ulu Öndər Şuşada Molla Pənah Vaqifin məzarı üstündə məqbərə, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeylərinin, Xurşudbanu Natavanın abidəsinin açılmasına nail  olmuşdur.

XX əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayəsi sayəsində hadisələr mürəkkəbləşdi. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olundu.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev  onun Azərbaycan üçün  müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə  Azərbaycan yoxdur”. Bir vaxtlar “Kiçik  Paris”, ”Qafqazın sənət məbədi”, ”Azərbaycanın musiqi beşiyi”, ”Şərqin Konservatoriyası” adlandırılan tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artiq işğaldan azad edilmişdir.

Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev 2020-ci il noyabrın 8-də  Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir:

“Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!”

Cənab Prezidentimizin dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözü bu gün öz təsdiqini tapır. Ali Baş Komandanımızın 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi mənfur düşmənlərimizə göndərilən ağır bir mesaj oldu. Bu gün Müqəddəs Ramazan bayramını Cənab Prezidentimizin Şuşada ailə üzvləri ilə birlikdə keçirməsi, 12 may 2021-ci ildə 32 ildən sonra əfsanəvi Cıdır düzündə “Xarı Bülbül “festivalının keçirilməsi, Xan qızı bulağının istifadəyə verilməsi, Ramazan bayramı ərəfəsində yeni məscidin istifadəyə verilməsi, ilk muğamımızın səslənməsi ilə cənab Prezidentimiz bir daha sübut etdi ki, biz Şuşaya qayıtmışıq və əbədi yaşayacağıq. Azərbaycan bayrağı daim Şuşada dalğalanacaq!

Aynur Hüseynova,

Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi.   

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir