“Ermənistandakı seçkilərdə kimi dəstəkləməklə bağlı məsələdə ölkə rəhbərliyinin baxışları fərqlidir. Bəziləri mövcud hökuməti dəstəkləməyin lazım olduğunu, digərləri Robert Köçəryanı, bir başqaları Ayk Babuxanyanın rəhbərlik etdiyi “Rusiya ilə birlikdə güclü Ermənistan” hərəkatını dəstəkləməkdə israr edir. Bəziləri isə hesab edir ki, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanla dost olmaq lazımdır”.
Bu sözləri Caliber.Az-a danışan Avrasiya İqtisadi Birliyi İnstitutunun Baş direktoru Vladimir Lepexin deyib.
V.Lepexin qeyd edib ki, belə bir vəziyyətdə Rusiyada Ermənistandakı seçkilərlə bağlı birmənalı rəsmi baxış yoxdur və ola da bilməz.
“Bu gün Rusiyada yaşayan ermənilər arasında da birmənalı mövqe yoxdur. Vladimir Putinin şəxsi mövqeyinə gəldikdə, əlbəttə o, Robert Köçəryana rəğbət bəsləyir, lakin seçkilərdə rəsmi olaraq onu dəstəkləyə bilməz, çünki Nikol Paşinyanla müəyyən razılaşmalarla əlaqədar bağlılığı var.
Unutmaq olmaz ki, Qarabağdakı atəşkəslə bağlı bəyanatın altında İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın imzası var. Bu mənada Rusiya, Ermənistandakı seçkiqabağı vəziyyəti gərginləşdirməkdənsə, bu razılaşmanın şərtlərinə əməl etmək və nəticədə Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirməkdə daha çox maraqlıdır”, – deyə V. Lepexin qeyd edib.