Sərhəd demarkasiyası işlərinin aparılmasında Rusiya Ermənistana və Azərbaycana kömək etməyə hazırdır. Bu barədə mayın 17-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri məlumat verib.
Xatırladaq ki, Serqey Lavrov may ayının əvvəllərində Azərbaycana səfər etmişdi. Azərbaycanlı jurnalist, “Global Media Group”un media direktoru Həmid Həmidov RİA “SM-News”a açıqlamasında bu səfərin nəticələrini və ümumilikdə Rusiya-Azərbaycan münasibətlərini, həmçinin Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin necə olduğunu qiymətləndirib.
– Həmid, necə düşünürsünüz, Azərbaycanda Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərinin nəticələri ümumi necə qiymətləndirilir?
– Lavrov Azərbaycanda Kremlin rəsmi mövqeyini səsləndirdi, bu da Bakının mövqeyinə uyğundur. Rusiya xarici işlər nazirinin səfərindən məmnun qaldıq.
– Səfər zamanı Serqey Lavrov Cənubi Qafqazda nəqliyyat habının birgə inkişafının Bakı ilə İrəvan arasındakı münasibətlərin yaxşılaşdırılması üçün əsas ola biləcəyini söylədi. Amma, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan üçün Ermənistan ərazisindən keçən dəhliz barədə heç bir müzakirə olmayacağına dair bir açıqlama verib. Bu bəyanat Azərbaycanda necə qəbul edildi?
– Belə bir fikirlə təkcə Qriqoryan çıxış etməyib, İrəvanın bütün siyasi dairələri bu barədə danışır. Biz anlayırıq ki, bu, Ermənistanda yayda keçiriləcək seçkilərlə əlaqəlidir və yalnız əlavə xal qazanmaq üçün seçkiqabağı ritorikadır. Seçkilərdən sonra İrəvanda hakimiyyətə kim gəlsə, əminəm ki, Bakı, İrəvan və Moskva arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hər şey edəcək.
– Bəlkə kimsə Ermənistan hakimiyyətinə siyasi təzyiq göstərir?
– Zəngəzur dəhlizinin qurulması və istismarı, kommunikasiyaların açılması prosesinə kiminsə təzyiq göstərdiyini düşünmürəm. Çox güman ki, məsələ sırf seçkilərlə bağlıdır.
– Bakı israrla İrəvandan minalanmış ərazilərin xəritələrinin verilməsini tələb edir. İlham Əliyev əvvəllər bildirmişdi ki, Ermənistan xəritələri vermədiyi üçün insanlar ölüb və bu bir cinayət kimi qiymətləndirilə bilər. Lavrov bu vəziyyəti Ermənistan hakimiyyəti ilə müzakirə etdiyini və İrəvanın bu problemin həll edilməsinin vacibliyini başa düşdüyünü bildirib. Sizcə Rusiyanın vasitəçiliyi xəritələrin verilməsini sürətləndirməyə kömək edəcəkmi?
– Bu suala cavab verə bilmərəm. İndiyə qədər heç kimin İrəvana təsir edə bilmədiyini görürük, çünki minalanmış ərazilərin xəritələri hələ də bizə verilməyib.
– Rusiya ordusu Azərbaycan tərəfi ilə sıx təmasda fəaliyyət göstərir. Ümumiyyətlə, onların işləri həm Rusiya, həm də Azərbaycan hakimiyyəti tərəfindən müsbət qiymətləndirilir. Bu, xüsusilə Lavrovun Azərbaycana səfəri zamanı bildirildi. O zaman Bakıda Rusiyanın sülhməramlı qüvvələrinə qarşı keçirilən aksiyaları necə qiymətləndirmək olar? Bir sıra xarici media orqanları bunu rezonanslı kütləvi aksiyalar kimi təqdim etdilər. Bəlkə də bu kənardan bir təxribat və Rusiya-Azərbaycan razılaşmalarını nüfuzdan salmaq cəhdidir?
– Bakıda Rusiyanın sülhməramlı qüvvələrinə qarşı mitinq olmayıb. 10-12 nəfərlik bir qrup insanın şəhərdə gəzməsi və yaxud səfirliyə yaxınlaşması heç də mitinqlərin olduğu demək deyil. Bu cür açıqlamalar gülüncdür. Bir media nümayəndəsi vəziyyəti araşdırdım və öyrəndim ki, bir neçə nəfər toplanıb, nəsə oxuyub və dağılışıb. Özü də bunu rəsmi mediadan yox, sosial şəbəkələrdən öyrəndim. Ümumiyyətlə, Azərbaycanda bu tipli aksiyanı demək olar ki, heç kim görməyib.
Eyni zamanda öz mövqeyimi bildirim: sülhməramlılara çoxlu suallar var. Ancaq qətiyyən heç bir mitinq olmayıb.
– Sünik bölgəsində (tarixi Zəngəzur bölgəsi) Azərbaycan və Ermənistan qüvvələri arasında insident baş verib. Rusiya və Azərbaycanın xarici işlər nazirləri vəziyyətin gərginləşməsini müzakirə ediblər və atəşkəs rejiminə ciddi riayət olunmasının zəruriliyi təsdiqlənib. Fikrinizcə, hazırkı vəziyyət necədir?
– Heç bir insident yoxdur, Azərbaycan ən qısa müddətdə sərhədlərin demarkasiyası prosesini başa çatdırmaq istəyir. Bunun üçün Azərbaycan və Ermənistan SSR-i vaxtlarının xəritələrinə əsaslanaraq hər şeyi edirik.
Ermənistanda isə görünür ki, sərhədlərin hansısa başqa şəkildə çəkilməsinə qərar veriblər. Bu olmayacaq! Sərhəd postlarımızı yaradırıq və Sovet İttifaqının dağılmasından əvvəl qurulmuş sərhədlərə uyğun iş aparırıq. Prinsipcə, belə də olmalıdır. Bu adi iş prosesidir. Ancaq Ermənistanda bu şişirdilərək qalmaqal yaradılır. Yenə təkrarlayıram, bu, Ermənistandakı seçkilərdən əvvəl müəyyən qüvvələrə sərf edir.