“Ötən gün Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma “naziri” ilə görüşündə Azərbaycan-Ermənistan beynəlxalq sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır”.
Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyildir:
“O ki qaldı gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə, atəşkəs münaqişənin həlli deyil, atəşkəsin məqsədi münaqişənin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.
Atəşkəs mexanizmləri Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir”.
“Əgər Ermənistan həqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır”, – XİN rəsmisi vurğulayıb.