Gəncə-Bakı üzrə keçirilən avireyslərin bərpası ilə bağlı müzakirələr hələlik aparılmır.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün ölkədə daxili aviareys Bakı-Naxçıvan istiqamətində fəaliyyət göstərir:
“Ermənistanın məhz Azərbaycana qarşı olan təcavüz siyasətinin növbəti tərkib elementlərindən biri Azərbaycan Respublikasının Naxçıvan regionunun və Naxçıvan Muxtar Respublikasının blokada şəraitində saxlanılmasıdır.
Blokada şəraitinə görə orada yaşayan vətəndaşlarımızın ölkəmizin əsas hissəsi, yəni Bakı ilə gediş-gəlişini təmin etmək üçün Bakı-Naxçıvan istiqamətində və geriyə reyslər həyata keçirilir. Amma Gəncə-Bakı üzrə keçirilən avireyslərin bərpası ilə bağlı müzakirələr hələlik aparılmır. Bunun da səbəbi regionlararası məntəqələrin bağlı olmasıdır. Bu gün buna zərurət görülmür”.
H.Hacıyev Türk Hava Yollarının çarter reysləri barədə də məlumat verib:
“Türk Hava Yollarının Naxçıvan və Türkiyənin müxtəlif şəhərləri üzrə uçuşlar həyata keçirməsinə icazə verilib”.
Könül Cəfərli