Toğrul İsmayıl Aralıq dənizi böhranı barədə: Avropa Türkiyə və Yunanıstanı qarşı-qarşıya qoyur – MÜSAHİBƏ

Siyasət

Aralıq dənizindəki vəziyyət gərginləşməyə davam edir. Türkiyə hökuməti geoloji kəşfiyyat işlərinin müddətini uzatmağa qərar verdi. Tədqiqat gəmisi “Oruc Rəis” 12 sentyabr tarixinədək Şərqi Aralıq dənizində fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, söhbət NATO-nun iki üzvü olan Yunanıstan ilə Türkiyə arasında qaz yataqları ilə bağlı mübahisələrdən gedir.

BBC-nin xatırlatdığı kimi, 2019-cu ildə Kiprin cənub sahillərində böyük bir qaz yatağı aşkar edildi. Onun Fransanın “Total” və İtalyan “Eni” şirkətləri tərəfindən inkişaf etdirilməsi Türkiyədə təəcüb doğurdu. Bundan sonra, 2020-ci ilin yanvarında Yunanıstan, İsrail və Kipr qaz kəməri çəkmək üçün müqavilə imzaladılar. Onun Avropa bazarında qaza olan tələbatın 4% -ni ödəyə biləcəyi ehtimal olunur. Türkiyə regional əməkdaşlıqdan kənarlaşdırıldı.

Ankara da öz növbəsində, Liviyanın BMT tərəfindən tanınan hökuməti ilə dəniz sərhədlərinin delimitasiyası barədə müqavilə imzaladı. Buna görə, Türkiyə bu Yunanıstan-İsrail boru kəmərinin keçməli olduğu bir sıra ərazilərə haqq qazanır. Yunanıstan hökuməti, öz növbəsində, sahil zonasını genişləndirməyə qərar verib.

Yunanıstan tərəfinə əsas dəstəyi Fransa təmin edir. Bir neçə gün əvvəl Fransa Silahlı Qüvvələr naziri Florens Parli “Europa 1” radiosunun efirində çıxış etdi. Onun sözlərinə görə, “Türkiyənin davranışı yaxşı bir NATO müttəfiqi imicinə uyğun gəlmir”. Paris hətta özünü narahat edən məsələləri alyans ölkələrinin müdafiə nazirlərinin müzakirəsinə çıxardı.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron “Paris Match” qəzetinə verdiyi müsahibəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa İttifaqının sabitliyini pozmaqda günahlandırıb.

Media.Az türkiyəli politoloq, Kahramanmaraşdakı “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayılla söhbət edib.

– Qərb dünyası ilə Türkiyə arasında münasibətlər pisləşirmi? Niyə Avropa, ilk növbədə Fransa, Yunanıstan tərəfini müdafiə edir? Aydındır ki, elə həmin “Total”la iqtisadi maraqlar var. Bəs geosiyasi maraqlar barədə nə deyə bilərsiniz?

– Münasibətlərin kəskinləşməsinin necə başladığını xatırlatmaq istəyirəm. Yunan Kipri, İsrail və Misir Aralıq dənizində qaz yataqları axtarmağa başladı. Bütün bunlar sözün əsl mənasında Türkiyənin “burnunun ucunda” baş verdi. Ankara buna birlikdə işləmək təklifi ilə reaksiya verdi. Qeyd edək ki, ərazi sularının və milli maraq zonalarının bölündüyü Qara dəniz bölgəsi ilə belə bölgünün olmadığı Aralıq dənizi bölgəsi arasında bir fərq var. Yeri gəlmişkən, Türkiyə Qara dənizdə qaz tapdı və heç bir problem yaranmadı. Məsələ burasındadır ki, SSRİ dövründə sərhədlər aydın çəkilmişdi.

Aralıq dənizindəki problemin kökü II Dünya Müharibəsinə qədər uzanır. Müharibə bitdikdən sonra bəzi adalar Türkiyəyə verilməli idi, ancaq Yunanıstana verildi. Məlum olur ki, Türkiyənin yanında kiçik adalar var ki, onların köməyi ilə yunanlar Türkiyəni dənizə girişdən məhrum etməyə çalışırlar, ölkəni yalnız quru yolu ilə məhdudlaşdırırlar. 12 millik zona anlayışlarından istifadə olunur və s. Ankara təbii ki, bununla razılaşmır. Yunanıstan Türkiyəni kənarda qoymaqla akvatoriyada möhkəmlənmək istəyir.

Ayrı bir məqam budur ki, bu adalar demilitarizasiya edilməlidir. Ancaq ora indi silahla doldurulur, hərbçilər görünür. Bu, beynəlxalq hüququn pozulmasıdır.

– Fransa hərbi təyyarələrinin Kiprin yunan hissəsində yerləşdirildiyi barədə xəbərlər gördüm…

– Bəli, elədir. Razılığa gəlmək əvəzinə Fransa döyüş təyyarələrini göndərir, bu ölkənin HDQ isə  Kipr və Türkiyəyə yaxınlaşıb. Xatırlatmaq istərdim və bu çox vacibdir: Aİ-yə üzv olmaq yalnız ölkənin heç bir qarşıdurması olmadığı təqdirdə mümkündür. Kiprin Yunan hissəsi isə adanın iki hissəyə bölünməsinə baxmayaraq Avropa İttifaqına qəbul edildi. Siz və oxucularınız bu məsələni çox yaxşı bilirsiniz. Kiprin iki icması arasında danışıqlar prosesi pozuldu.

İndi isə Aİ bütün günahları Türkiyədə görür. Türkiyə əraziləri işğal etməyib, Aralıq dənizindəki adaları hərbiləşdirmir. Bəs Fransa hərbi təyyarələrinin orada nə işi var?

Və daha bir məqam. Türkiyə Aralıq dənizindəki sərhədləri mövzusunda Liviyanın BMT tərəfindən tanınan hökuməti ilə razılaşıb. Paris bundan məmnun deyil (bu çox da təəccüblü deyil). Fransa və Almaniya Türkiyənin Aİ-yə üzv olmasına qarşı idilər. Avropa İttifaqı beynəlxalq normalara zidd olan ikili oyun oynayır.

Ancaq bir düşünün, necə ola bilər ki, bir adaya görə ölkə dənizə çıxışını, hətta sahil zolağını belə itirir? O zaman bu necə bir ölkədir?!

– Yunanıstanın əhalisi 11 milyondan azdır və eyni zamanda sürətlə azalır. Türkiyənin 80 milyondan çox vətəndaşı var və əhalisi artmaqdadır. Silahlı qüvvələr haqqında danışmağa ehtiyac yoxdur, çünki Türkiyə ordu sayına görə NATO-da ikinci ölkədir. Yunanıstanın Türkiyəyə müqavimət göstərə bilməyəcəyi barədə Afinada da açıq şəkildə deyilir. Və burada Avropa İttifaqı ölkələri dərhal Yunanıstan tərəfinə keçir…

-… Bu, Türkiyəyə qarşı qərəzli münasibətin göstəricisidir! Türkiyə Aİ üzvlüyü mövzusunda danışıqlar aparır, bəli, proses dayanıb, amma müəyyən bir status var.

– Türkiyə NATO-nun üzvüdür…

– Bəli. Yeri gəlmişkən, burada bir nümunə verim. Fransanın NATO təlimlərinə qatılmaqdan imtina etdiyi, ancaq tənqid edilmədiyi vaxtlar olub.

Ancaq vurğulayıram ki, Türkiyə müharibə və qarşıdurma istəmir. Bununla belə Ankara beynəlxalq normalarla müəyyən edilmiş qanuni hüquqlarını müdafiə edəcək. Bəs onları kim pozur? Bu, hamıya aydındır. Kürd kartı oynaya bilmədilər, erməni mövzusu işə yaramadı. Avropa İttifaqı əvvəlki kimi, yunanları türklərə qarşı istifadə etməyə qərar verdi. İki NATO üzvü olan dövlət toqquşur. Bu, Şimali Atlantika İttifaqının dağılmasına gətirib çıxarır.

Prezident Emmanuel Makronun Avropa ordusu yaratmaq niyyəti, NATO-nun özünü məhv etməsi barədə fikirlərini xatırlamaq lazımdır. Bütün bunlar aydın bir mənzərəyə uyğun gəlir: Türkiyə ilə Yunanıstan arasındakı silahlı qarşıdurma Fransaya sərf edir.

Ancaq unutmamalıyıq ki, Türkiyə Avropada və dünyada ən güclü ordulardan birinə sahibdir. Türklər üçün vətən yalnız qurudan başlamır. Ölkə üç tərəfdən dənizlə əhatə olunub. Buna görə belə bir ifadə var – “Dəniz vətəni”. Bu da nəzərə alınmalıdır.

– Bir neçə gün əvvəl rəsmi İrəvan Aralıq dənizindəki vəziyyətlə bağlı bir açıqlama verdi, amma Türkiyə Xarici İşlər Nazirliyindən sərt cavab aldı. Türkiyə Xarici İşlər Nazirliyi qeyd etdi ki, “Şərqi Aralıq dənizi haqqında fikirlərini bildirməyə çalışan Ermənistan dünyanın coğrafiyası və bu coğrafiyadakı yeri barədə dərindən səhv edir”. Ankara İrəvana məsələnin Sevan gölü ilə deyil, Ermənistanın çıxışı olmayan Aralıq dənizi ilə əlaqəli olduğunu xatırlatdı.

– Fransada İrəvanı manipulyasiya edə biləcək böyük bir erməni diasporası var. Ancaq həqiqətən Ermənistanın Aralıq dənizi ilə nə əlaqəsi var? Bəlkə Ermənistan NATO üzvüdür? Xeyr! Ölkə kifayət qədər problemlərinin olduğu AİB və KTMT-nin üzvüdür. Bütün bunlar bir daha Ermənistanın xarici siyasətinin təcavüzkarlığını və qərəzliliyini göstərir. Ancaq onu kim dinləyəcək? O, beynəlxalq siyasətin görünən subyekti deyil. Türkiyə, ABŞ, Rusiya və Avropa İttifaqı maraqlarının mübarizəsi gedir. İrəvan özünün daxili siyasi, iqtisadi və demoqrafik problemlərini həll edə bilmirsə, burnunu hara soxur?

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir