Axundov: “Koçaryan növbəti feykə imza atıb”

Siyasət

Dağlıq Qarabağ münaqişəsinin başlama tarixi barədə müxtəlif saxta məlumatlar yaymaq Ermənistanın sabiq prezidenti Robert Koçaryanın o qədər xoşuna gəlib ki, o, bu yalanları fəal şəkildə çoxaltmağa başlayıb. Bu sözləri politoloq Fuad Axundov deyib.

“Saxta məlumatsız bir gün olmasın” – görünür, Ermənistanda bir çox siyasətçilər, o cümlədən bu ölkənin ikinci prezidenti, bu günlərdə Rusiyanın RBK telekanalına müsahibə vermiş Robert Koçaryan bu prinsiplə yaşayır. Son bir ay ərzində Ermənistanın keçmiş və indiki rəhbərləri – Koçaryan, Nikol Paşinyan, Armen Sarkisyan, Serj Sarqsyan saxta məlumatların yayılmasında fərqləniblər. İndi isə Koçaryan SSRİ Konstitusiyası və guya Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin qanuniliyi ilə bağlı yeni üsulda “feyk ruletka” oynamaq qərarına gəlib”, – deyə Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Koçaryan bu müsahibəsində deyib ki, guya “Dağlıq Qarabağ respublikası heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb”.

“Sən demə, “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının hüquqi əsasları “qüsursuzdur”. Robert Sedrakoviçin versiyasına görə, “Sovet İttifaqının Konstitusiyası respublikanın ayrılması zamanı milli azlıqların kompakt şəkildə yaşadığı muxtariyyətlərə referendumda öz taleyini həll etməyə imkan verirmiş”, – deyə politoloq qeyd edib.

F.Axundov xatırladıb ki, SSRİ-də 1977-ci ilin redaksiyasında Konstitusiya qüvvədə olub. Bu Konstitusiyada ittifaq respublikalarının, muxtar respublikaların, muxtar vilayətlərin statusu dəqiq qeyd edilirdi. “Bu Konstitusiyanın 72-ci maddəsinə əsasən, “hər bir ittifaq respublikasının SSRİ-dən SƏRBƏST çıxmaq hüququ saxlanılır”. SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən isə “ittifaq respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. İttifaq respublikaları arasındakı sərhədlər müvafiq respublikaların qarşılıqlı sazişi ilə dəyişdirilə bilər və bu saziş SSRİ tərəfindən təsdiq edilməlidir”. Sadə dillə desək, hətta muxtar respublika belə olmayan, yalnız muxtar vilayət statusuna malik olmuş Dağlıq Qarabağın Konstitusiyaya əsasən Azərbaycanın tərkibindən “çıxması”ndan heç bir söhbət gedə bilməzdi”, – deyə o vurğulayıb.

Politoloq hesab edir ki, Koçaryan bu cür bəyanatlarla “İttifaq respublikasının SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” tələsik uydurulmuş qanunun bəzi müddəalarını “Konstitusiya normaları” kimi qələmə verməyə çalışır.

“Amma birincisi, bu qanunun müddəaları Sovet Konstitusiyasına ziddir. İkincisi, onun qəbul edilməsi proseduru başa çatdırılmayıb. Üçüncüsü və ən əsası, ittifaq respublikalarının heç biri SSRİ-dən onun əsasında çıxmayıb: Sovet İttifaqı sadəcə dağıldı”, – deyə o əlavə edib.

F.Axundov qeyd edib ki, 1988-ci ildə Qarabağda vilayət sovetinin iclasında yetərsay olmadığı üçün “Azərbaycanın tərkibindən çıxmaq haqqında qərar” adlandırdıqları kağız parçasını uydurdular, Ermənistanda isə bu kağız parçası əsasında Azərbaycan Qarabağını öz tərkibinə qəbul etdilər. “Və bu qərar indiyə qədər ləğv edilməyib. Bundan başqa, vaxtilə “Dağlıq Qarabağın prezidenti” Robert Koçaryan məhz onun əsasında baş nazir, daha sonra isə Ermənistan prezidenti kürsüsünə oturaraq, əcnəbilər üçün məcburi olan “təbəəliyə keçmə” prosedurundan yaxa qurtarıb”, – deyə o vurğulayıb.

“Robert Sedrakoviçə bir məqamı da xatırlatmaq istəyirəm: SSRİ dağıldıqdan sonra 1992-ci ilin yazında bütün keçmiş ittifaq respublikaları dünya birliyi tərəfindən mövcud sərhədləri çərçivəsində tanınmışdı. Buna əsasən Qarabağ – Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Odur ki, Koçaryanın “Dağlıq Qarabağ respublikası heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” üslubunda boşboğazlığı həyasızcasına söylənilmiş yalandır. Həmçinin eyni şəkildə 1941-ci ildən 1943-cü ilədək almanlar tərəfindən işğal olunmuş Smolenskin “SSRİ-nin tərkibində olmadığını” demək və hitlerçilərin yaratdıqları və slavyan əsilli kollaborasionistlərin də kifayət qədər olduğu işğalçı administrasiyanı legitim bir şey kimi qələmə verməyə cəhd etmək olar. Bundan başqa, bu gün dünyada Qarabağın mənsubluğunu şübhə altına qoyan və ya onun “mübahisəli ərazi” elan edildiyi heç bir hüquqi sənəd mövcud deyil!”, – deyə politoloq bildirib.

F.Axundov əlavə edib ki, Koçaryanın bütün bu saxta fikirlərindən sonra RBK-nın jurnalisti Robert Sedrakoviçdən maraqlanmalı idi: bəs, onun nöqteyi-nəzərindən “DQR” nədir? Bu, “müstəqil dövlətdir”? Bəs onda nə üçün o, Ermənistanın özü də daxil olmaqla, heç kim tərəfindən tanınmayıb? Əslində, əgər “hüquqi əsaslar qüsursuzdursa”, hər şey təmiz və “konstitusiyaya uyğundursa, bəs nə üçün Ermənistan heç olmasa Koçaryanın bu ölkəyə rəhbərlik etdiyi 10 il ərzində bu yarımçıq dövləti “beynəlxalq hüququn subyekti” kimi tanımayıb? Cavab sadədir. Robert Sedrakoviç özü də yaxşı başa düşür ki, dünya birliyi belə addıma dözməyəcək.

Amma efirdə sadəlövh kütləni aldatmaq olar, xüsusilə də əgər jurnalistin narahatedici sual verməyəcəyi ilə bağlı əminlik varsa. Koçaryan üçün bir şey pisdir: dünya RBK-nın telestudiyası ilə məhdudlaşmır və hətta jurnalistlə “razılığa gəlsələr belə, bu, hələ o demək deyil ki, Koçaryanın “feykləri” yüksək qiymətləndiriləcək və heç kim ona narahatedici suallar verməyəcək”, – deyə politoloq bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir