Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-də Federasiya Şurasının üzvləri ilə görüş keçirməyi planlaşdırır. Bu fonda Rusiya Xarici İşlər naziri Serqey Lavrovun və diplomatik idarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanın istefasının gözlənildiyi barədə məlumatlar ortaya çıxıb. Üstəlik, Rusiyanın “Sobesednik” nəşrinə görə, S.Lavrov və M.Zaxarova XİN-dən ayrılsalar da, böyük siyasəti tərk etmirlər.
“Sobesednik” məlumatlı olan telegram kanallarına istinad edərək bildirib ki, bu ilin sonunadək Rusiya Parlamentinin Yuxarı Palatasının tərkibinə ömürlük senatorlar qatılacaq, onların sırasında Rusiya Xarici İşlər Nazirliyinin hazırkı başçısı S.Lavrov da var.
Media.Az “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkovun bununla bağlı münasibətini öyrənib.
Həmsöhbətimiz şayiələrə münasibət bildirməyə hazır olmadığını qeyd edib.
“Bununla birlikdə deyə bilərəm ki, S.Lavrov Rusiya diplomatiyası tarixində bir eradır. Hər halda, başa düşdüyümüz kimi Rusiyada kadr qərarları bir nəfər – Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilir”.
“S.Lavrovun yaşlı insan olduğu aydındır. O yorulub. Ancaq bu, Vladimir Putinin qərarı olacaq. Ya da S.Lavrovla ortaq bir qərar veriləcək. Və bu, əlbəttə ki, bir cəza olmayacaq”, – deyə Vitali Arkov vurğulayıb.
– Ancaq, ehtimal ki, Rusiya Xarici İşlər Nazirliyində bəzi kadr dəyişikliyinin vaxtı çatıb?
– Əlbəttə. Ancaq S.Lavrov işinə davam etsə sevinərəm. Məncə, o, Rusiyanın yeni tarixində ən güclü Xarici İşlər naziridir. Onu 30 ilə yaxın SSRİ Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş “Cənab Yox” Andrey Qromıko ilə müqayisə etmək olar.
– S.Lavrovun Qarabağ nizamlanmasına dair “Madrid prinsipləri”nə, yəni İrəvanda fəal şəkildə inkar edilən mərhələli plana əsaslanan sənədin olduğunu elan etməsi fonunda tezliklə istefa edəcəyinə dair sızmalar, şayiələr (nə adlandırmaq istəsəniz) elan etməsi bəlkə təsadüf deyil? O, daha açıq danışıb?
– Biz ki, S.Lavrovun yalnız öz fikrini deyil, həm də Rusiya prezidentinin mövqeyini yayımladığını anlayırıq. Bu, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin şəxsi baxışı deyil, bütün bəyanatlar razılaşdırılıb. Bunlar S.Lavrovun “səmimiyyəti” deyil, Rusiyanın mövqeyidir. Ermənistanın hazırkı rəhbərliyi isə ifrat dərəcədə həddini aşıb.
– Nəzəri olaraq S.Lavrovun Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən getməsi Qarabağ nizamlanmasına necə təsir edəcək? Bu daha çox müsbətdir, ya mənfidir?
– Sualı belə qoymazdım. Rusiya Xarici İşlər Nazirliyinin başçısı vəzifəsini kimin tutmasından və S.Lavrovun onu nə zaman tərk etməsindən asılı olmayaraq, Qarabağ məsələsində Rusiyanın mövqeyi dəyişməz qalacaq…
– …Yəni mərhələli planın həyata keçirilməsi?
– Bəli. Rusiya hər zaman Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl və Baş nazir olduqdan sonrakı ilk aylarda bu planın həyata keçiriləcəyinə dair müəyyən ümidlər var idi. Ancaq sonra olanlar oldu: Ermənistan rəhbərliyi yalanlara və hətta Azərbaycana təcavüzə əsaslanan yeni bir siyasət yürütməyə başladı.
– Bəs onda münaqişənin “Madrid prinsipləri” əsasında həll edilməsi mümkündür, yoxsa yox?
– Düşünürəm ki, Ermənistanın rəhbərliyi dəyişdirilənə qədər mümkün olmayacaq. Anladığım qədər hazırkı İrəvan hakimiyyəti ilə dialoq aparmaq çox çətindir və Bakıda da bunu bilirlər.