XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi açıqlama yayıb. 

Açıqlamada deyilir:

“Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 28 sentyabr 2020-ci il tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair aşağıdakıları bildirib:

İlk növbədə, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atmışlar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu doqquz nəfər azərbaycanlı mülki vətəndaşı qətlə yetirmiş, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuşdur. Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin növbəti təzahürüdür.

Digər yandan, nəzərə alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər.  

Görünən odur ki, Ermənistan ənənəsinə sadiq qalaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən və bu müstəsna hüquq müstəvisindən çirkin siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik.

Hesab edirik ki, Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozmaqda davam edən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov Ermənistana qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci il tarixli qərarını bu günədək icra etməyən Ermənistanın insan hüquqlarının müdafiəsi mexanizmlərindən sui-istifadə etmək cəhdinin qarşısı alınmalıdır.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan silahli qüvvələri mülki əhalini, mülki obyektləri və mülki infrastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.

Onu da qeyd edək ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi öhdəliklərdən geri çəkilmə hüququndan (deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də Avropa Şurasının Baş katibini məlumatlandırıb.

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət etməkdədir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir