Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub.
Diplomat məqaləsində bildirir ki, Ermənistan tərəfinin son aylardakı təxribatları bu gün baş verənləri təxmin etməyə imkan verirdi və hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şiddətli canlanma dövrünü yaşayır, Ermənistan silahlı qüvvələri bu saatlarda qəsdən və bilərəkdən Azərbaycanın mülki şəxləri və infrastrukturlarını hədəfə alır. Diplomat əlavə edir ki, son illərdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün var gücü ilə bütün səylərini əsirgəməyən bir ölkənin nümayəndəsi kimi hazırkı vəziyyətə səbəb olan hadisələrin tarixinə nəzər salmağa ehtiyac var.
M.Əhmədzadə qeyd edir ki, münaqişənin kökü ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində muxtar vilayətin yaradılmasındadır.
“SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi və bu ərazilərdəki azərbaycanlılara (750 min-dən çox) qarşı etnik təmizləmə siyasəti, azərbaycanlı mülki şəxslərə qarşı hərbi cinayətlər və Xocalı soyqırımı həyata keçirdi”, – deyə diplomat fikirlərinə davam edir.
Diplomat bildirir ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların müsbət nəticələnməsinə və diplomatik yollarla bölgədə sülhü təmin etməyə çalışıb, lakin Ermənistan istənilən irəliləməyə mane olub və bu illər ərzində danışıqları uzatmağa, münaqişənin həllini əngəlləməyə və status-kvonu saxlamağa çalışıb.
M.Əhmədzadə Paşinyan rejiminin təxribatçı addımlarından danışaraq, bu xüsusda Paşinyanın danışıqlarda Azərbycanın işğal olunmuş ərazilərdəki qanunsuz rejiminin iştirakını tələb etməklə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatını dəyişdirməyə istiqamətlənmiş uğursuz cəhdini, öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmətə göndərməsini, “Dağlıq Qarabağ Ermənistandır” kimi açıqlamasını, Ermənistan Müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” təhdidi, cari ilin iyul ayında enerjidaşıyıcıların ölkəmizdən Avropa bazarlarına, xüsusən də İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi Azərbaycanın Tovuz rayonundakı təxribatları, Baş nazirin həyat yoldaşının iştirakı ilə işğal olunmuş ərazilərimizdə döyüş və atıcılıq üzrə təlim kurslarının keçirilməsini və Livandan ermənilərin işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırılması kimi məsuliyyətsiz addımlarını qeyd edib. Diplomat əlavə edib ki, bütün bunlar danışıqlar prosesinə ağır zərbə vurub, danışıqlar prosesinə xələl yetirib və əslində Ermənistanın danışıqlardan çəkildiyini iddia etməyə əsas verir.
“Ermənistanın Baş naziri danışıqlar üçün yeddi absurd şərt irəli sürüb ki, onlar da qəti şəkildə Azərbaycan tərəfindən rədd edilib. Azərbaycanın yeganə bir şərti var: Ermənistanın silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğu kimi Azərbaycan torpaqlarından çıxmalıdır”, – deyə M.Əhmədzadə bildirir.
Diplomat, habelə əlavə edir ki, bütün bunlardan başqa, son aylarda Ermənistan silah və hərbi texnika idxalını xeyli artırıb və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam edib. Eləcə də, Ermənistan Müdafiə Nazirliyi ümummilli 100 min “könüllü” döyüşçü qüvvələr yaratmaq planını açıqlayıb və son günlərdə Ermənistanın hərbi qüvvələrinin işğal olunmuş ərazilərdəki təmas xətti yaxınlığında cəmləşməsinin davam etdiyi müşahidə olunurdu. M.Əhmədzadə qeyd edir ki, bütün bunlar Ermənistanın yeni bir müharibəyə hazırlaşdığını göstərirdi və bu günlərdə baş verənlər bunu açıq-aşkar sübut etdi.
“Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə Ermənistanın yeni bir təcavüz aktına, müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi hücumu və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması regional sülh və sabitlik üçün başlıca təhlükədir. BMT BA-nın 75-ci sessiyasının ümumi müzakirələri fonunda, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atdı. Ermənistan rəhbərliyi bu hərəkətləri ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirdi”, – deyə M.Əhmədzadə qeyd edir.
Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür: