“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar Ermənistanın hazırkı siyasəti fonunda mənasızdır”.
Bu barədə TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasındakı telefon danışığı çərçivəsində Rusiya tərəfindən tərəflərin tezliklə danışıqlar masasına qayıtmasının vacibliyi vurğulanıb.
“Ancaq Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların coğrafiyasını genişləndirərək Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd olmayan şəhər və rayonlarına təxribatçı şəkildə hücumlar etdiyi, beynəlxalq hüququ kobud şəkildə pozduğu və daha əvvəl də dediyim kimi, hərbi cinayətlər törətdiyi bir vəziyyətdə hər hansı danışıqların aparılması mənasızdır.
Prezident İlham Əliyev son müsahibələrində açıq şəkildə bildirib ki, münaqişənin kəskinləşməsində bütün məsuliyyət üzərində olan Ermənistan beynəlxalq hüquqa əməl etməyə başlayana, ərazilərin işğalına son qoyulması ilə bağlı beynəlxalq vasitəçilərə ciddi zəmanətlər verilənə və silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün torpaqlarından çıxarılması üzrə konkret qrafik təqdim olunana qədər hərbi əməliyyatların dayandırılması və hər hansı danışıqlar mümkünsüzdür”, – deyə P.Bülbüloğlu bildirib.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Tbilisidə hər hansı bir formatda danışıqların təşkili təklifinə münasibət bildirən Polad Bülbüloğlu göstərilən təşəbbüsə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib:
“Hamımız sülh istəyirik, lakin təkrar edirəm, bu vəziyyətdə danışıqlar üçün hər hansı bir platforma haqqında danışmaq üçün hələ ki tezdir”.