Dünən maraqlı bir müsahibəni izlədim. Onu xüsusilə maraqlı edən jurnalistin peşəkarlığı, suallarındakı inadkarlıq idi. Hiss olunurdu ki, qaldırdığı mövzudan incəliklərinə qədər məlumatlıdır və ona görə də qonağından obyektiv cavablar almaq istəyində israrlıdır. Söhbət Almaniyanın DW nəşrinin jurnalisti Sara Kellinin Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyandan aldığı müsahibədən gedir.
26 dəqiqəlik müsahibənin doqquzuncu dəqiqəsində xanım jurnalist qonağına belə bir sual verir:
“Gəlin, bu vəziyyətin necə yaranması haqda danışaq. Mən bir il əvvələ qayıtmaq istərdim. Regiondakı gərginlik aylar idi ki, artırdı. Mən bir il əvvəl sizin baş nazirinizin verdiyi bəyanata qayıtmaq istərdim. O, Dağlıq Qarabağa, qeyd edim ki, statusu mübahisə mövzusu olan bir regiona gəlib Qarabağın Ermənistana birləşdirilməsi çağırışını edib. O, bu bəyanatı verib: “Qarabağ Ermənistandır və nöqtə”. Bundan başqa, o, 80-90-cı illərdə Qarabağın Azərbaycandan ayrılması uğrunda ermənilərin apardıqları mübarizədə populyarlıq qazanan “regionun Ermənistana birləşdirilməsi” kimi millətçi şüarı səsləndirib çağırış edənləri də dəfələrlə dəstəkləyib.
Razısınızmı ki, bir il əvvəlki çıxış açıq-aydın təxribat idi? Əgər siz təkid etdiyiniz kimi, həqiqətən də sülh istəyirsinizsə, onda baş naziriniz niyə Qarabağa gedir və bu cür bəyanat verir?”.
Ermənistanın baş diplomatı cavabına bu sözlərlə başlayır:
“İndi, indi icazə verin, o məsələyə qayıdım ki, Dağlıq Qarabağ məsələsi bizim həmvətənlərimizin fiziki varlığı məsələsidir…”
Erməni nazirin təkcə bu suala deyil, müsahibə boyunca digər suallara verdiyi cavablar da öz avantürist baş nazirinin siyasi ritorikasının faktiki təkrarı idi. Lakin Paşinyandan fərqli olaraq, Zöhrab Mnatsakanyan bunu bir az sivil şəkildə etməyə çalışırdı. Ola bilsin ki, onun daşıdığı ad və seçdiyi peşə buna şüuraltı təsirini göstərirdi. Bununla belə, sivil davranışı gözləməyə çalışan erməni nazir, jurnalistin haqlı sualları qarşısında kəkələməyə və çaşqınlığa faktiki məhkum edilmişdi. Qeyri-səmimilik, obyektiv cavablardan yayınmaq üçün diplomatik dolandırma, fikri yayındırmaq və vaxt uzatmaq cəhdləri öz yerində. Vaxt uzatmaq oyunu eynən Ermənistanın 30 il boyunca danışıqlarda etdiyi imitasiyanın mini təkrarına bənzəyirdi.
Ona görə də, diqqəti yalnız bir məqama xüsusi olaraq cəlb etmək istərdim: jurnalistin də haqlı olaraq qeyd etdiyi kimi Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” təxribat xarakterli bəyanatı ilə Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağdakı ermənilərə xitabən həmvətənlərim deməsi arasında nə hüquqi, nə də terminaloji baxımdan heç bir fərq yoxdur. Əminliklə deyə bilərəm ki, bunların bu cür cəfəng, beynəlxalq hüquqa zidd olan ritorikalarının yeganə səbəbi sərsəm erməni xülyaları ilə yaşamaları, bununla da şüur və zehniyyətlərini zəhərləmələridir.
Tarix sübut edir ki, həmin xəstəliyin müalicəsi yoxdur. Bir-iki misal çəkim. Rusiyada, Krasnodarda doğulub orada yaşayan ermənilər kifayət qədərdir, bəlkə də onlar yerli əhalinin əksəriyyətini təşkil edirlər. Görəsən, erməni nazir Rusiya doğumlu və orada daimi yaşayan soydaşlarına həmvətənlərim deməyə cürət göstərə bilərmi? Göstərsə idi, Rusiya rəsmilərinin buna münasibəti necə olardı? Yaxud Amerikada, Kaliforniya doğumlu və orada yaşayan ermənilərə münasibətdə belə bir müraciət edilsə idi, ABŞ rəsmiləri bu ritorikanı diplomata bağışlayardılarmı? Eyni sualı ermənilərin doğulub kompakt şəkildə uzun illər boyu yaşadıqları Fransaya və digər ölkələrə də aid etmək olar. Bu cür xəstə təxəyyülün yalnız bir səbəbi var. Hətta Ermənistan rəsmiləri də özləri-özlərini uydurduqları cəfəng “tarixçəyə” inandıra biliblər. İnandırıblar ki, guya bunlar nə zamansa Nuhun gəmisində xilas olanlardandırlar. Elə ona görə də, onların təfəkküründə az qala bütün dünya “böyük Ermənistan” deməkdir. Necə ki, bizim musiqimizi öz musiqiləri kimi təqdim edirlər, mətbəximizi bütün dünyaya öz mətbəxləri kimi sırıyırlar, Qarabağı özlərininki hesab edirlər, eləcə də Fransanı və başqa məmləkətləri az qala artıq özününküləşdiriblər. Qarabağda tarixi və mədəni irsimizin Ermənistan tərəfindən bu illər ərzində qəsdən məhv edilməsi, xaricdən olan etnik ermənilərlə qanunsuz məskunlaşdırma siyasəti də yalnız bu məqsədə xidmət edib. Soydaş və həmvətən terminalogiyasının arasındakı fərqi Ermənistanın baş diplomatı elə bu səbəbdən görmək istəmir. Hələ də dərk etmir ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır və onun Ermənistana tarixən, eləcə də de-yure heç bir aidiyyatı olmayıb, yoxdur və olmayacaq.
Burada qaranlıq olan bir məqam var. Əgər yüksək səviyyəli Ermənistan rəsmilərinin də zehniyyəti bu dərəcədə zəhərlənib və zədələnibsə, belələri ilə danışıqlardan hansısa səmərəni, konstruktivliyi gözləməyə dəyərmi? Təki bu yolla tarixi və hüquqi ədalət bərpa olunsun. Amma görünən odur ki, 30 il ərzində Ermənistan təmsilçiləri danışıqlarda nə ilə məşğul olublarsa, hələ də onu təkrarlamağa cəhd edirlər. Ona görə də, mənasız vaxt itkisinə oxşayır. Ermənistan kapitulyasiyaya razı olub, Azərbaycan torpaqları ilə bağlı bütün iddialarından əl çəkərsə, danışıqlar masasında ədalətli sənəd yalnız bu halda ərsəyə gələ bilər. Həmin sənədin adı Ermənistanın kapitulyasiya aktıdır. Xəstə təxəyyülə başqa cür son qoymaq, zənnimcə, mümkün deyil…
Bir daha təkrar edirəm. Allah Ali Baş Komandanımıza, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!
Milli Məclisin deputatı
Ülvi Quliyev