30 ildən sonra… Böyük həsrətdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə “Xarı bülbül” festivalı keçirildi. Qəhrəman şəhidlərimiz öz canlarını fəda edərək “Xarı bülbül”ə yenidən can verdilər.. 30 il həsrətdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu möhtəşəm festival yenidən müqəddəs torpaqda start götürdü.
Festivalın açılışında dağları, daşları lərzəyə gətirən “Qarabağ şikəstəsi”nin yeni nəfəslə ifası hamının iliklərinə kimi işlədi. İllər öncə bu şikəstəyə öz möhürünü vuran Tacir Şahmalıoğludan sonra heç kimin inanmağı gəlmirdi ki, yeni bir ifa bu musiqinin möhtəşəmliyini xırdalığına kimi dinləyiciyə çatdıra bilər. Amma Xalq artistimiz Təyyar Bayramovun övladı Kənan Bayramov həqiqətən bu ifaya öz balaca ürəyini vermişdi. O, yeni ifa ilə onu dinləyən hər kəsin ürəyini fəth edə bilmişdi, o, bu torpağın müqəddəsliyini bir daha xatırlada bilmişdi.
Ali Baş Komandanımızın Qarabağımızı əks etdirən ifalardan kövrəlməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın səslənən bütün muğamları diqqətlə dinləməsi, Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, dəvətlilər arasında bir sıra ictimai xadimlərin, eləcə də Qarabağdan, Şuşadan olan tanınmış şəxslərin yer alması, tanınmış aktrisamız Firəngiz Mütəllibovanın doğma Şuşa torpağını ovuclarına alıb, qoxulaması… Çox qürurverici idi.
Festivalı ailəmlə birlikdə mavi ekrandan həyəcanla izlədik. 2 gün davam edən bu möhtəşəm tədbirin hər saniyəsi bir tarix idi. Telekanallarda festivalın yayımı zamanı Şuşanın əsrarəngiz təbiəti ilə yanaşı, keçilməz sıldırımlı dağlarının, qayalarının tez-tez göstərilməsi hər kəsin ürəyini fəxrlə doldururdu.
Hər kəs, hər bir azərbaycanlı Şuşa uğrunda gedən döyüşləri xatırlayırdı. Qəhrəman əsgərlərimizin doğma torpağa qovuşmaq üçün keçilməzləri keçməsini, düşmənlə əlbəyaxa döyüşməsini, canı-qanı bahasına bu müqəddəs torpaqları əsl sahiblərinə qaytarmasını xatırlayırdı.
Ürəyində Vətən sevgisi olan hər kəs bu kadrlara baxanda göz yaşlarına hakim ola bilməzdi.
Varlığıyla qürur duyduğumuz Cənab Prezidentimizin kövrəlməsini görəndə bir anlıq mənə elə gəldi ki, ətrafda şəhidlərimizin ruhu dayanıb, səslənən ifaları izləyirlər, sevinirlər, bu haqq işini uğurla tamamladıqlarına görə fəxr edirlər, əllərini ürəklərinə sıxıb – “Vətən sağ olsun!” – deyə pıçıldayırlar…
Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Bəli.. Bu 2 gün onsuzda pərt olan düşmənə, bir az da dağ çəkdi. Vaxtilə “yekə-yekə” danışan, adını belə çəkmək istəmədiyim “hay”ların baş nazirinin arvadı ironiya ilə Mehriban Əliyevanı Şuşada muğam dinləməyə dəvət edəndə, təsəvvürünə belə gətirmək istəmirdi ki, bir gün ilahi ədalət bərqərar olacaq. Azərbaycan oğlu, qan tökmək bahasına olsa da, öz evinə-eşiyinə, öz yurduna, öz torpağına qayıdacaq! Artıq o bədxahlar Azərbaycanın milli-mənəvi sərvəti olan muğamları qonaq gələrək də yox, yalnız uzaqdan-uzağa, hansısa informasiya vasitələri hesabına izləyə biləcəklər və hər dəfə izlədikcə yenidən məhv olacaqlar!
Tarix boyu başı bəlalar çəkmiş Azərbaycanın parçalanmış torpaqlarını birləşdirən sərkərdələr sırasına İlham Əliyevin də adı qızıl hərflərlə əlavə olundu. Şah İsmayıl Xətai, Nadir şah Əfşar və İlham Əliyev! Tarix bunu unutmayacaq! İnşallah bir gün cəngi sədaları altında Zəngəzurumuzda görüşəcəyik!
Vətənpərvər mahnıların söz yazarı
Cəlal Qurbanov