
Bakı. Trend:
MDB Dəmir Yolu Nəqliyyatı Şurasının üzv ölkələrinin yük
dövriyyəsi ABŞ və Aİ göstəricilərini üstələyir.
Trend xəbər
verir ki, bunu “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq
Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən
83-cü iclasında çıxışında deyib.
“Keçən ilin yekunlarına görə, Şuraya üzv ölkələrin dəmir
yollarında yük dövriyyəsi ümumilikdə təxminən 3 trilyon
ton-kilometr təşkil edib. Bu, ABŞ-nin birinci dərəcəli dəmir
yollarının göstəricilərindən 1,3 dəfə, yəni 30% çoxdur və Avropa
İttifaqının göstəricilərindən isə demək olar ki, 8 dəfə yüksəkdir”,
– deyə o bildirib.
Onun sözlərinə görə, Şuranın daim diqqət mərkəzində dəmir
yollarının istismar fəaliyyəti, sərnişin və yük daşımalarının
şəraiti, rəqəmsallaşma, qatar hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi, uçot və qarşılıqlı hesablaşmalar sistemi, səhiyyə və
sosial sahə, həmçinin elmi-texniki əməkdaşlıq durur.
“Biz irəli gedirik və Şurada müttəfiq dəmir yollarının
iqtisadiyyat və nəqliyyat sahələrində baş verən dəyişikliklərə
uyğunlaşmasına kömək edən yeni qarşılıqlı fəaliyyət mexanizmlərini
həyata keçiririk”, – deyə O. Belozyorov vurğulayıb.

