
Bakı.Trend:
UNEC-də “İBİ” MMC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
(İRİA) ilə birgə tələbələr arasında innovativ ideyaların yarışdığı
hakaton keçirilib.
Hakatonda UNEC
tələbələri “B2B həllər” və “Yaşıl Qarabağ” mövzuları üzrə real
problemlərə kreativ və rəqəmsal həllər təqdim ediblər.
“B2B həllər” hakatonu korporativ mühitdə biznes problemlərinin
həllinə həsr olunub. Seçim mərhələsindən keçən 60 tələbədən ibarət
15 komanda yarışda iştirak edib. Gərgin və rəqabətli mübarizə
nəticəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən
ibarət “Enthuzone”, “Savai” və
“ITeaguys” komandaları ilk üç yeri tutaraq qalib
olublar.
Paralel olaraq keçirilən “Yaşıl Qarabağ”
hakatonu isə ekoloji davamlılıq və innovativ yanaşmalar mövzusunda
təşkil edilib. Bu istiqamət üzrə 67 tələbədən ibarət 15 komanda
“Yaşıl Qarabağ” konsepsiyasına uyğun real problemlər üzərində
çalışaraq ekoloji və innovativ layihələr hazırlayıb. Münsiflər
heyətinin qiymətləndirməsinə əsasən, “Explogreen”,
“SustainX” və “EcoWatch”
komandaları qalib elan olunub.
Hakaton müddətində iştirakçılar ideyalarını texnoloji həllərə
çevirib, layihələrini peşəkar münsiflər heyətinə təqdim edərək həm
komanda işi, həm də problem həll etmə bacarıqlarını nümayiş
etdiriblər.
Hakatonun sonunda qalib komandalar mükafatlandırılıb:
I yer – 4000 AZN,
II yer – 2500 AZN,
III yer – 1000 AZN.

