
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam
Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən
Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və
kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını
alıb.
Trend xəbər verir ki,
cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna
xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru
kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini
İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf
alınıb.
Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin
partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin
qarşısı alınıb.
İran İslam Respublikası vətəndaşları Rustamzada Behnam Sahibali
və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə
partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə
cinayətkar əlaqə yaradıb. İran İslam Respublikası vətəndaşı
Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi
yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib.
Konteynerə baxış zamanı, içərisində obyektlərin, eyni zamanda beton
qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram
ağırlığında olan “C-4” partlayıcı maddənin olduğu aşkarlanıb.
DTX-nın əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin, Ağayev Nicat
Zaman oğlu ilə birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu
yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda
partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Daha sonra İran İslam Respublikası SEPAH-la birbaşa əlaqələri
olan İran İslam Respublikası vətəndaşı Azarundbileh Hosein Savar
Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı
qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində
uzaqdan idarə olunan, “C-4” tipli 2 ədəd partlayıcı qurğu olub.
Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı
Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri
götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın
təsbit edilməsi üçün saxlanc yeri DTX tərəfindən gizli video
müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd
Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar
massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək
bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi
aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan
İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul
olmaları ilə yanaşı İslam İnqilabi keşikçiləri Korpusu ilə birbaşa
əlaqələrinin olduqları təsbit edilib.
Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün
altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları
vəd edən İran İslam Respublikası vətəndaşı Sheikhzadeh Sajjad
Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni
zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudi
əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında
SEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.
SEPAH tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar
etdikləri şəxslərin təşəbbüskarlarla əlaqələrini kəsməsi səbəbindən
müəyyən edilməyib. Buna görə də, İran İslam Respublikası vətəndaşı
Hafez Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun
keçirilməsi təmin edilib.
Belə ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Gəmiqayırma
Zavodunun yaxınlığında 1 ədəd 1280 qram çəkidə partlayıcı qurğu
müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir
dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti
kimi müəyyən edilmiş Hafez Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə
əlaqə yaradıb, qutunu özündə iki gün saxlamasını istəyib.
Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı
sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə
qoyub.
Xədicə Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı
götürdüyünü müşahidə etdikdən sonra H.Tavassoliyə bu barədə məlumat
verib. X.Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində
əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh
Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlu
partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət
evinin ətrafında gizlədib.

