
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.
Azərbaycan Dillər Universitetinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, sağlamlığında problem olmasa da, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.
Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.
Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.
N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, sabiq nazirin səhhətində ciddi problemlər olduğundan onun işə çıxması mümkünsüzdür.

