
Bakı. Trend:
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində
ölkədə İran və Hizbullahın hücumları ilə əlaqədar 163 nəfər
xəstəxanalara çatdırılıb.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
Yaralananlardan biri 82 yaşlı sakindir. İranın atdığı ballistik
raket hücumu nəticəsində ağır yaralanıb. Cərrahiyə əməliyyatından
sonra onun süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Eyni zamanda onun 78 yaşlı həyat yoldaşı xəstəxanaya
yerləşdirilsə də, vəziyyətinin kafi olduğu qeyd olunur.
Bundan başqa, Petah Tikva şəhərinə ballistik hücum nəticəsində
yaralanmış bir sakinin vəziyyətinin orta-ağır olduğu
bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

