
Bakı.Trend:
Atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı
nəqliyyat vasitəsini hərəkətə gətirib.
Bu barədə Trend-ə BDYPİ-dən məlum verilib.
Belə ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı
avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları
açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6
yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə
ediblər.
Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat
vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət
yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı
piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı
təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola
bilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq,
enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi
qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat
vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan
təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır
faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat
vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl
olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan,
sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin
tələblərinə ciddi riayət etmələri tələb olunur.

