
Bakı. Trend:
İran ABŞ və İsrail arasında Hörmüz boğazı ətrafında təxminən 3,2
min gəmi təhlükəsiz keçid gözləyir.
Trend xəbər verir
ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, onların 800-ü tanker və quru yük gəmiləridir.
Təhlükəsiz keçidi gözləyən dənizçilərin sayı 20 minə yaxındır.
ABŞ prezidenti Donald Trump aprelin 7-də İranla iki həftəlik
qarşılıqlı atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə,
tərəflər mübahisəli məsələlərin demək olar ki, hamısını həll edib
və Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəli
sürülmüş 10 bəndlik təklifləri nəzərdən keçirir. Amerika lideri
qeyd edib ki, bu qərar İranın Hörmüz boğazı açmağa hazır olması
fonunda qəbul olunub.
Tehranda isə öz növbəsində bildirilib ki, İslam Respublikasına
qarşı zərbələr endirilmədiyi təqdirdə “müdafiə xarakterli hücumlar”
dayandırılacaq. Tərəflər arasında vasitəçi olan Pakistanın baş
naziri Şahbaz Şərif onları İslamabad şəhərində danışıqlara dəvət
edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

