
Bakı. Trend:
İsrailin kəşfiyyat xidməti – “Mossad” ölkənin silahlı qüvvələri
ilə birlikdə İran ərazisi üzərində vurulmuş “F-15E” qırıcı
təyyarəsinin iki amerikalı pilotunun axtarışı və xilas edilməsi
əməliyyatında birbaşa iştirak edib.
Trend xəbər verir
ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.
“İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdüm və Amerika
xalqı adından İran ərazisində təyyarəmizin ekipajının xilas
edilməsi əməliyyatında ABŞ silahlı qüvvələrinə və kəşfiyyatına
göstərilən misilsiz köməyə görə ona təşəkkür etdim. İsrail Müdafiə
Ordusu və ‘Mossad’ missiyaya böyük dəstək göstərib”, – Hakabi “X”
platformasında yazıb.
Xatırladaq ki, “F-15E” qırıcı təyyarəsi cümə günü İran ərazisi
üzərində vurulub. Axios portalının məlumatına görə, katapultdan
sonra ekipajın hər iki üzvü – pilot və şturman-operator – uğurla
əlaqəyə çıxıb. Portalın mənbələri bildiriblər ki, pilot təyyarənin
düşməsindən bir neçə saat sonra xilas edilib. Axtarış-xilasetmə
əməliyyatı zamanı İran bu əməliyyatda iştirak edən ABŞ-nin “Black
Hawk” helikopterlərindən birini vurub – ekipaj üzvləri yaralansalar
da, helikopter uçaraq ərazidən uzaqlaşa bilib.

