
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İranın hava hücumlarından müdafiə
qüvvələrinə aid 130-dan çox zenit-raket kompleksini məhv edib.
Trend xəbər verir
ki, bu barədə IDF-nin “X” sosial şəbəkə hesabında paylaşım
edilib.
“İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisi boyunca terror
rejiminin atəş vasitələri və hava hücumundan müdafiə sistemlərinə
zərbələrin təsirini dərinləşdirmək məqsədilə sistemli fəaliyyətini
davam etdirir.Kəşfiyyat İdarəsinin yönləndirməsi ilə həyata
keçirilən dəqiq zərbələr nəticəsində İran terror rejiminə məxsus
130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib”,-
məlumatda qeyd olunur.
Məlumat bəzi zərbələrin videogörüntüləri ilə müşayiət
olunub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

