Adekvat mənzil hüququ insan ləyaqətinin əsas sütunlarından biridir – Bahar Muradova

Baş səhifə

Bakı.Trend:

Adekvat mənzil hüququ insan ləyaqətinin, sağlamlığın,
təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından
biridir.

Trend xəbər verir
ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası çərçivəsində təşkil olunan “Qadınların Dəyirmi Masası”
sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, xüsusilə qadın başçılıqlı ailələr,
məcburi köçkün qadınlar, yaşlı qadınlar, əlilliyi olan qadınlar və
qeyri-formal məşğulluqda çalışan qadınlar daha yüksək həssaslıq
şəraitində yaşayırlar.

“Gender əsaslı zorakılıq hallarında adekvat və təhlükəsiz
mənzilin olmaması qadınları son dərəcə ağır seçim qarşısında qoyur
— ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski
ilə üzləşmək,”- deyə Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bugünkü müzakirələrin Pekin+30 Fəaliyyət
Gündəliyi və Yeni Şəhər Gündəliyinin prioritetləri ilə səsləşməsi
xüsusi əhəmiyyət daşıyır və bu sənədlər şəhərlərin və yaşayış
məkanlarının daha inklüziv, təhlükəsiz və bərabər imkanlar yaradan
mühit kimi inkişaf etdirilməsini təşviq edir.

B.Muradova qeyd edib ki, formal olaraq gender neytral görünən
siyasətlər praktikada heç də hər zaman bərabər nəticələr yaratmır.
Bu baxımdan siyasətlərin hazırlanması və həyata keçirilməsi zamanı
qadınların müxtəlif ehtiyac və təcrübələrinin nəzərə alınması
vacibdir və ilk növbədə, milli, regional və yerli səviyyədə hüquqi
və institusional mexanizmlər qadınların torpaq və mənzil
hüquqlarına təhlükəsiz və bərabər çıxışını daha effektiv təmin
etməlidir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan gender bərabərliyinin
təmin olunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri
kimi müəyyən edib. Bu istiqamətdə əsas hüquqi baza olan “Gender
(kişi və qadınların) bərabərliyinin təminatları haqqında”
Azərbaycan Respublikasının Qanunu artıq 20 ildir ki, qadın və
kişilər üçün hüquq və imkan bərabərliyinin təmin edilməsini
dövlətin əsas vəzifələrindən biri kimi təsbit edir.Qanun gender
əsaslı ayrı-seçkiliyin qarşısının alınması və dövlət siyasətində
gender yanaşmasının tətbiqi üçün mühüm institusional çərçivə
yaradır.

O əlavə edib ki, yerli icra hakimiyyətləri yanında fəaliyyət
göstərən gender məsələləri üzrə komissiyalar və monitorinq qrupları
yerli səviyyədə, xüsusilə icma çərçivəsində qadın və qızların
üzləşdikləri müxtəlif ayrıseçkilik halları və şiddətdən qorunması
üçün icmadaxılı imkanları səfərbər etməyə çalışır.

İşğaldan azad olunmuş ərazilərin bərpasından danışan B.Muradova
vurğulayıb ki, Azərbaycanda inklüziv yaşayış mühitinin
yaradılmasına, təhlükəsiz ictimai məkanların formalaşdırılmasına,
sosial xidmətlərə çıxışa və icmaların inkişafına xüsusi diqqət
yetirilir. Onun sözlərinə görə, mənzil siyasətinə kompleks yanaşmaq
lazımdır, çünki mənzil təhlükəsizliyi iqlim dayanıqlılığı, sosial
müdafiə, iqtisadi iştirak və gender bərabərliyi ilə sıx
bağlıdır.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların
şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla
başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr
olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi
mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi
keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet
təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi
mərasimi təşkil ediləcək.

Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində
aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma,
mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq,
süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya
və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün
keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə
Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş
tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir