
Bakı. Trend:
Livanın “Hizbullah” hərəkatı ABŞ-İran arasında elan olunmuş
müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrailin şimalına və
Livanda əməliyyat keçirən İsrail quru qoşunlarına yönəlmiş
hücumları dayandırdığını elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İsrail mediasının yazdığına görə, Hizbullahın yaxın zamanda
atəşkəslə bağlı rəsmi mövqeyini aydınlaşdıran geniş bəyanat
yayacağı gözlənilir.
İsrail Müdafiə Qüvvələri hal hazırda Livanın cənubunda quru
əməliyyatı keçirir, paralel olaraq hazırlıq görülən hava zərbələri
ərəfəsində Sur şəhərinin sakinlərinə təxliyə xəbərdarlığı
edilib.
Bundan əvvəl İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-İran
atəşkəsr razılaşmasının Livana aid olmadığını bəyan etmişdi.
Qeyd edək ki, aprelin 7-də ABŞ və İran arasında müvəqqəti
atəşkəs razılaşması əldə olunsa da, İsrail Baş naziri Binyamin
Netanyahu bu razılaşmanın Livanı əhatə etmədiyini diqqətə
çatdırmışdı.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.

