
Bakı.Trend:
Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində
Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş
keçirilib.
Trend xəbər verir
ki, görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin
direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının
üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər.
Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə
vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri
Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil
ediblər.
Görüş zamanı müasir dünyada kütləvi informasiya vasitələrinin
inkişafı məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Trend
BİA-nin nümayəndələri agentliyin fəaliyyəti və həyata keçirdiyi
layihələr barədə qazaxıstanlı həmkarlarını ətraflı
məlumatlandırıblar.
Qonaqlar isə öz növbələrində Qazaxıstanda media siyasəti və
təşəbbüslər barədə məlumat veriblər.
Tərəflər beynəlxalq informasiya məkanında Azərbaycan və
Qazaxıstan KİV-in qarşılıqlı olaraq dəstəklənməsinin vacibliyini
qeyd edərək iki ölkə arasında informasiya tərəfdaşlığının
gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Müzakirələrin yekununda gələcəkdə birgə layihələrin həyata
keçirilməsi imkanları da daxil olmaqla, fəal əməkdaşlığın davam
etdirilməsi barədə qərar qəbul olunub.

