Bəzi təhsil müəssisələrində yeni sistem tətbiq olunacaq

Baş səhifə

Bakı. Trend:

Bir sıra təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri
və praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiya
əsasında qiymətləndirilməsi aparılacaq.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə
daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu
qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən
təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu
ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında
qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya
nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla
məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq
göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə
olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans
dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə
tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və
müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması
və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın
tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.




Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə
meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan
asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili
əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların
formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət
vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri
biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya
keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi
ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi
nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və
onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil
müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət
səviyyəsinin artırılmasına nail olunacaq.

Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas
üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində
təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və
bacarıqlarının daim artırılmasını təşviq edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir