İran Bab-əl-Məndəb boğazının bağlanması üçün danışıqlar aparıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsraillə müvəqqəti atəşkəsdən əvvəl Tehran Yəmənin
“Ənsərullah” hərəkatı ilə Bab-əl-Məndəb boğazının bağlanması
imkanını müzakirə edib.

Trend xəbər verir
ki, bunu Tehranda cümə xütbəsi zamanı şəhərin müvəqqəti imamcüməsi
Höccətülislam Məhəmməd Cavad Hac Əli Əkbəri danışıb.

Din xadimi qeyd edib ki, düşmənlər müharibəni İranın sərhədləri
daxilində məhdudlaşdırmağa çalışdığı halda, İran müharibəni regiona
yayaraq onu regional qarşıdurmaya çevirdi.

Hac Əli Əkbəri bildirib ki, düşmənlər İranla Hörmüz boğazının
yenidən açılması üzrə danışıqlar apardığı bir vaxtda, İran Yəmənin
“Ənsarullah” hərəkatı ilə əməkdaşlıq çərçivəsində Bab əl-Məndəb
boğazının bağlanması planlarını hazırlayırdı.

O eyni zamanda, İsrailin Livana hərbi hücumlarını pisləyib və
xəbərdar edib ki düşmən hücumlarını davam etdirərsə, İran Silahlı
Qüvvələrinin güclü zərbələri ilə qarşılaşacaq.




Bab əl-Məndəb boğazı Qırmızı dənizi Hind okeanına (Ədən körfəzi
vasitəsilə) birləşdirən strateji dəniz keçididir və Afrika ilə
Ərəbistan yarımadası arasında yerləşir. Boğaz dünya dəniz ticarəti
üçün kritik əhəmiyyət daşıyır, çünki Süveyş kanalı ilə birlikdə
Avropa–Asiya marşrutu üzrə gəmiçiliyin əsas tranzit nöqtələrindən
biridir. Buradan neft və digər yüklərin böyük hissəsi keçdiyi üçün
istənilən məhdudiyyət və ya bağlanma qlobal enerji təchizatı və
logistika zəncirlərinə birbaşa təsir göstərə bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir