
Bakı. Trend:
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən xəbərə görə, Fərhad
Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bakı
Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində
nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının
şərh edilməsinə dair Konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim O.Qvaladzenin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə,
Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses
və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının
73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri –
əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci
maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri”
anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin
rəhbərini də ehtiva edir.
Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən
vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı
ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin
mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə
mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin
hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib
çıxarmamalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.

