
Bakı. Trend:
2025-ci ildə Azərbaycanın borc bazarında dövriyyədə olan ümumi
həcm 2024-cü ildəki 13.50 milyard manatdan 10.94 milyard manata
enib. Azalma əsasən dövlət istiqrazlarının həcminin 9.70 milyard
manatdan 6.07 milyard manata düşməsi ilə bağlı olub.
Trend bu barədə “Bakı Fond Birjası” QSC-yə
(BFB) istinadən xəbər verir.
Vurğulanıb ki, bununla belə, bu dinamika bazar aktivliyinin
zəifləməsini göstərmir: “Əksinə, dövlət istiqrazları üzrə ticarət
həcminin artması təkrar bazarda dövriyyənin və investor iştirakının
gücləndiyini göstərir. Digər seqmentlərdə isə artım müşahidə
olunub. Digər maliyyə mənbələri (DMM) istiqrazları 0.90 milyard
manata, korporativ istiqrazlar 0.72 milyard manata yüksəlib.
İpoteka istiqrazları ən yüksək artımı nümayiş etdirərək 2025-ci
ildə 3.25 milyard manata çatıb(2024: 2.56 milyard manat). 2025-ci
ildə DMM və korporativ emitentlər üzrə ümumilikdə 55 kütləvi
istiqraz yerləşdirilməsi həyata keçirilib (2024: 59). Bu göstərici
son illərlə müqayisədə sabit qalaraq kapital bazarından
maliyyələşmənin davam etdiyini göstərir. Dövlət istiqrazlarının
müddət strukturu isə əsasən orta müddətli buraxılışlara üstünlük
verildiyini göstərir. Ümumilikdə, dövlət istiqrazlarının həcminin
azalmasına baxmayaraq, korporativ, dövlət müəssisələri və ipoteka
seqmentlərində artım borc bazarında tədrici diversifikasiyanı əks
etdirib”.

