
Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı
şəhəri, Abşeron, Sabirabad, Samux və Ağcabədi rayonlarında
yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Trend-ə Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli,
Xətai rayonu İnqilab İsmayılov küçələrində, Binəqədi rayonu Novxanı
bağlar massivində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə 139
ünvanında, Badamdar qəsəbəsi C.İbrahimli küçəsi 15 ünvanında,
Abşeron rayonu Aşağı Güzdək və Masazır qəsəbələri ərazisində,
Abşeron rayonu Məmmədli-Kürdəxanı avtomobil yolunun sol hissəsində,
Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 151 ünvanında,
Sabirabad rayonu Sarxanbəyli kəndi yaxınlığında, Samux rayonu
Yenikənd kəndi və Ağcabədi rayonu ərazisində ağacların qanunsuz
kəsilməsi nəticəsində yaşıllıqlara 317 180 manat məbləğində ziyan
dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

