
Bakı. Trend:
Vətəndaş cəmiyyətinin nümayəndəsi əvvəlcə Ermənistana, daha
sonra Azərbaycana səfər edib. Hazırkı mərhələdə bu səfərin simvolik
əhəmiyyəti ondan ibarətdir ki, keçid delimitasiya və demarkasiya
olunmuş hissədən, quru sərhəd vasitəsilə həyata keçirilib.
Trend-in
xüsusi müxbiri xəbər verir ki, bu barədə “Sülh Körpüsü”
təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin
direktoru Fərhad Məmmədov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, burada bütün sərhəd-keçid prosedurları
yerinə yetirilib:
“Eyni zamanda, Ermənistan Respublikasının sərhədləri açıq
olduğundan xüsusi prosedurlar tətbiq olunmayıb. Lakin Azərbaycan
Respublikasının quru sərhədləri bağlı olduğu üçün bütün zəruri
dövlət prosedurları icra edilib.
Vaşinqton sammitində sülh gündəliyi təsdiq edilib və bu
çərçivədə dövlətlərarası yüksək səviyyəli dialoq mövcuddur. Bu
dialoqa həm liderlər, həm də dövlət strukturları daxildir. İqtisadi
münasibətlər də formalaşmaqdadır; buraya tranzitin həyata
keçirilməsi və birbaşa ticarət əlaqələri aiddir. Bununla yanaşı,
vətəndaş cəmiyyəti səviyyəsində dialoq artıq mövcuddur və davam
etdirilir.
“Sülh Körpüsü” təşəbbüsünün digər formatlardan əsas fərqi ondan
ibarətdir ki, əvvəlki illərdə bu tip dialoq platformaları əsasən
üçtərəfli formatda – vasitəçi və ya donor təşkilatların iştirakı
ilə həyata keçirilirdi. Hazırda isə proses dövlət dəstəyi ilə
aparılır və vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesdə birbaşa
iştirak edir.
Bugünkü görüş çərçivəsində dörd müzakirə sessiyası təşkil
olunub. İlk iki sessiya daha çox politoloji xarakter daşıyıb və
geosiyasi vəziyyətin, regiondakı mövcud şəraitin sülh prosesinə
təsiri, eləcə də yaratdığı imkanlar müzakirə edilib. Üçüncü və
dördüncü sessiyalar isə birbaşa vətəndaş cəmiyyətinin rolu və
gələcək fəaliyyət istiqamətlərinə həsr olunub.
Görüş çərçivəsində artıq ənənə halını almış dövlət rəsmiləri ilə
görüşlər də keçirilib. Bu çərçivədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş baş tutub. İki
saatdan artıq davam edən görüşdə Ermənistan nümayəndələrinin
çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb”, – Fərhad
Məmmədov qeyd edib.

