Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

Baş səhifə

Bakı. Trend:

Süni İntellektin (Sİ) əhəmiyyəti durmadan artır. O, sənayeləri
kökündən dəyişir, effektivliyi artırır və iqlim dəyişikliyi və
səhiyyəyə çıxış kimi qlobal problemlərin həllinə kömək edir. Bu
səbəbdən ölkələr Sİ texnologiyalarını inkişaf etdirmək üçün ciddi
rəqabət aparırlar.

ABŞ. ABŞ müasir Sİ-in beşiyi hesab olunur.
Google, Microsoft və IBM kimi texnologiya nəhəngləri Sİ
tədqiqatlarına böyük sərmayələr yatırır. Silikon Vadisi isə
startaplar, tədqiqatçılar və sahibkarlar üçün əsas mərkəzə
çevrilib. ABŞ-da Sİ inkişafının əsas üstünlüklərindən biri
universitetlərlə özəl sektor arasında sıx əməkdaşlıqdır. Həmçinin
dövlət də Sİ-in strateji əhəmiyyətini qəbul edərək müxtəlif
təşəbbüslər həyata keçirir.

ÇİN. Çin sürətlə Sİ sahəsində əsas oyunçulardan
birinə çevrilir. Çin hökuməti Sİ-i milli prioritet elan edib və
2030-cu ilə qədər dünya lideri olmağı hədəfləyir. Bu istiqamətdə
milyardlarla dollar investisiya qoyulur. Baidu, Alibaba və Tencent
kimi şirkətlər böyük istifadəçi bazasından əldə etdikləri
məlumatlar sayəsində Sİ sistemlərini inkişaf etdirirlər. Çin
əhalisinin çoxluğu da böyük həcmdə məlumat yaradaraq bu sahədə
üstünlük yaradır.

AVROPA İTTİFAQI. ABŞ və Çinlə müqayisədə Avropa İttifaqı fərqli
strategiya seçib. Burada əsas diqqət etik Sİ-in inkişafına və
hüquqi çərçivələrin yaradılmasına yönəlib. Məqsəd həm innovasiyanı
təşviq etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. “Horizon
Europe” kimi proqramlar vasitəsilə Sİ tədqiqatlarına dəstək verilir
və ölkələrarası əməkdaşlıq gücləndirilir.

KANADA. Kanada, xüsusilə “deep learning”
sahəsində mühüm nailiyyətlər əldə edib. Toronto şəhəri isə qlobal
Sİ mərkəzlərindən birinə çevrilib. Kanada hökuməti Sİ-n iqtisadi və
sosial potensialını nəzərə alaraq bu sahəyə dəstək verir və etik Sİ
inkişafına xüsusi diqqət yetirir.

STARTAPLARIN ROLU. Sİ inkişafında yalnız böyük
şirkətlər deyil, startaplar da mühüm rol oynayır. Dünyanın müxtəlif
ölkələrində startaplar təhsil, səhiyyə, marketinq və kənd
təsərrüfatı kimi sahələrdə innovativ həllər təqdim edir. İsrail və
Hindistan bu baxımdan seçilir. İsrail “Startap milləti” kimi
tanınır, Hindistan isə Sİ-i yerli problemlərin həllində aktiv
istifadə edir.




Sİ YARIŞININ GƏLƏCƏYİ. Məlumat mübadiləsi və
ortaq tədqiqatlar əsas rol oynayır. Eyni zamanda etik problemlərin,
o cümlədən məlumat məxfiliyi və alqoritmik qərəzin həlli önə çıxır.
Sİ üzrə yarış davam etdikcə, beynəlxalq əməkdaşlığın vacibliyi daha
da artır. Həm də bu yarış yalnız texnologiya yarışı deyil,
gələcəyin formalaşdırılması ilə bağlıdır. Süni intellekt gələcəyin
açarıdır və bu gələcək artıq başlayıb.

AZƏRBAYCAN. Hazırda ABŞ və Çin liderdir, lakin
digər ölkələr də sürətlə irəliləyir. Azərbaycan da Süni İntellektin
inkişafı istiqamətində son dövrlərdə mühüm və sistemli addımlar
atır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci ildə
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt
Strategiyası”nın təsdiq edilməsi, 11 fevral 2026-cı ildə
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət
planına həsr olunmuş müşavirənin keçirilməsi və həmin müşavirədə
müəyyənləşdirilən prioritetlər bu sahəyə verilən yüksək əhəmiyyətin
bariz göstəricisidir. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın sədrliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf Şurasının
yaradılması ölkədə rəqəmsal transformasiyanın institusional
əsaslarını daha da gücləndirir və Süni İntellekt sahəsində vahid
yanaşmanın formalaşdırıldığını göstərir. Bütün bunlar Azərbaycanın
bu yeni və strateji sahədə öz baxışına malik olduğunu və qlobal
rəqabətdə layiqli yer tutmaq niyyətini nümayiş etdirir. Hesab
edirik ki, Süni İntellektin inkişafı baxımından ölkənin böyük və ya
kiçik olması həlledici faktor deyil. Əsas məsələ düzgün
prioritetlərin seçilməsi, resursların səmərəli səfərbər olunması və
dəyişikliklərə operativ reaksiya verə bilməkdir. Bu baxımdan
Azərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlar
və bu sahədə potensialın formalaşdırılması çox təqdirəlayiqdir.
Mövcud durumun və imkanların, mümkün qısa vaxtda müsbət nəticələr
əldə etmək zəruriliyi nəzərə alınaraq Süni İntellektin tətbiqi
baxımından təhsil və elm sahələrinin prioritet istiqamət kimi
müəyyənləşdirilməsi məqsədəuyğun görünür. Artıq Ağıllı Təhsil,
Sİ-li təhsil qlobal gündəmdədir və aktiv formalaşma
mərhələsindədir.

Bu kontekstdə bu gün dünyanın aparıcı ali təhsil mərkəzləri yeni
texnoloji reallıqlara uyğun olaraq yenidən formalaşır və eləcə də,
dünyada tamamilə yeni ali təhsil mərkəzləri yaranmaqdadır. Bu isə
onu göstərir ki, məhz indi yeni ali təhsil liderlərinin ortaya
çıxması üçün əlverişli tarixi mərhələdir. İnanırıq ki, yeni “harvard”lar məhz indi formalaşır və Azərbaycanın da bu sahədə
potensialı və real şansları var. Bu şansın reallaşdırılmasının isə
iki əsas amildən, daha doğrusu, bu yeniliklərə mümkün qədər tez
başlamaqdan və dəyişikliklərin sürətindən asılı olduğuna
inanırıq.

Ədalət Muradov,

UNEC-in rektoru, professor.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir