
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri hökuməti ölkənin hava məkanında
tətbiq olunan məhdudiyyətləri daha bir həftə müddətinə uzadıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Beləliklə, BƏƏ-nin hava məkanı aprelin 20-ə kimi qismən bağlı
qalacaq, ölkənin hava limanlarına və onlardan həyata keçirilən
uçuşlar üçün əvvəlki kimi xüsusi müəyyən edilmiş altı dəhliz
fəaliyyət göstərəcək.
Xatırladaq ki, BƏƏ hava məkanını fevralın 28-də ABŞ və İsrailin
İrana qarşı əməliyyatlara başlamasından sonra qismən
bağlamışdı.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

