
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran prezidentləri ilə
danışıqlar aparıb və bu görüşlər zamanı Hörmüz boğazından gəmilərin
hərəkətinə maneələrin aradan qaldırılmasına çağırıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
“Hörmüz boğazının ən qısa müddətdə, heç bir ilkin şərt olmadan,
hər hansı nəzarət və rüsumlar tətbiq edilmədən yenidən açılması
vacibdir”, – o, “X” platformasında yazıb.
Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniya
digər ölkələrin də iştirakı ilə Hörmüz boğazından keçən gəmilərin
müşayiəti üçün potensial “tamamilə müdafiə xarakterli missiya”nın
müzakirəsi məqsədilə videokonfrans keçirəcək.
Fransalı dövlət başçısı həmçinin, ABŞ Prezidenti Donald Tramp və
İran Prezidenti Məsud Pezeşkianı İslamabadda dayandırılmış
danışıqları bərpa etməyə, anlaşılmazlıqları aradan qaldırmağa və
yeni eskalasiya mərhələlərinin qarşısını almağa” səsləyib. O, eyni
zamanda iki ölkə arasında razılaşdırılmış atəşkəs rejiminə ciddi
riayət olunmasına və bu atəşkəsin İsrailin “Hizbullah” hərəkatına
qarşı hərbi əməliyyat apardığı Livana da şamil edilməsinə çağırış
edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

