
Bakı. Trend:
Ötən gün Bakıya dolu yağıb. Paytaxtın bəzi ərazilərində şiddətli
yağıntı qeydə alınıb.
Müşahidə olunan dolu hadisəsi hazırkı dövr üçün
xarakterikdirmi?
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru Gülşad Məmmədova Trend-in sorğusuna cavab olaraq bildirib ki,
Abşeron yarımadasında dolu hadisəsi nadir hallarda baş verir və
adətən qısamüddətli olur.
Onun sözlərinə görə, Azərbaycanda dolu daha çox dağlıq və
dağətəyi ərazilər üçün xarakterikdir.
“Dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa
bilən atmosfer hadisəsidir. Ölkə ərazisində dolu hadisələri əsasən
ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi
illərdə bu proses may–iyun aylarında da qeydə alınır”.
G.Məmmədova yaxın günlərdə gözlənilən hava barədə də məlumat
verib:
“Aprelin 16-17-də Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Bölgələrdə də havanın sabitləşəcəyi, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilsə də, 16-sı gündüz bəzi yerlərdə
havanın qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi
yerlərdə arabir duman olacaq”.

