Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 15-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci
müavini Anar Kərimov Dünya Bankının enerji üzrə baş mütəxəssisləri,
hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yeni
tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji
sektoru üzrə missiya heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Dünya Bankının “Bərpa olunan Enerji
Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsinin icrası ilə
bağlı Azərbaycana göstərdiyi dəstək, eləcə də Azərbaycan hökuməti
ilə Dünya Bankı arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən
texniki yardım üzrə əldə olunmuş nəticələr müzakirə edilib.

Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında 30 ildən artıq
davam edən uğurlu əməkdaşlığın Bankı ölkəmizin əsas inkişaf
tərəfdaşlarından birinə çevirdiyini qeyd edib. O, bu əməkdaşlıq
çərçivəsində strateji əhəmiyyət daşıyan “AZURE” layihəsinin
“Masdar” şirkəti tərəfindən inşa edilən 1 QVt gücündə günəş və
külək elektrik stansiyalarının milli enerji sisteminə
inteqrasiyasını təmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə
mühüm töhfə verdiyini bildirib.




“AZURE” layihəsi çərçivəsində Batareya Enerji Saxlama
Sistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunan
maliyyə nazirinin birinci müavini bu təşəbbüsün şəbəkə çevikliyinin
artırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasda
inteqrasiyası və ümumi şəbəkə dayanıqlığının gücləndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Öz növbəsində Dünya Bankının nümayəndələri ölkəmizlə enerji
sektorunda əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, elektrik
şəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə külək
enerjisinin inkişafı istiqamətlərində texniki dəstəyin davam
etdiriləcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardım
nəticələrinin daha dayanıqlı və səmərəli investisiya layihələrinə
çevrilməsinin, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyanın
gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin, növbəti mərhələdə prioritet investisiya
istiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerji
layihələrinin inkişafı və Bank ilə əməkdaşlığın daha da
genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir