
Bakı. Trend:
Hörmüz boğazını Çin və bütün dünya üçün həmişəlik açıram.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə
hesabında yazıb.
“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur.
Mən bunu onlar üçün, həm də dünya üçün edirəm. Belə bir vəziyyət
bir daha heç vaxt təkrarlanmayacaq. Onlar [Çin] İrana silah tədarük
etməməyə razılaşıblar (…). Bu, müharibə etməkdən daha yaxşı
deyilmi? Amma unutmayın, əgər lazım gələrsə, biz döyüşməyi çox
yaxşı bacarırıq – üstəlik hamıdan qat-qat yaxşı!”, – Ağ Ev rəhbəri
bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

