Nantda “Qarabağ” həftəsonu məktəbində görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları Fransanın Nant şəhərindəki “Qarabağ” həftəsonu
Azərbaycan məktəbini ziyarət edib, tədris prosesi ilə yaxından
tanış olublar.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən
Qarabağ bölgəsinin adını daşıyan məktəbin Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərində
yaradılması və uğurla fəaliyyət göstərməsi diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət
göstərən məktəbin rəhbəri Toğrul Zeynalov və müəllim Aynurə
Hacıyeva tədris müəssisəsi ilə bağlı hesabat xarakterli çıxış
ediblər.

Komitə sədrinin müavini Vaqif Seyidbəyov məktəbin fəaliyyətinin
əhəmiyyətinə diqqət çəkib, burada formalaşan bilik və dəyərlərin
soydaşlarımızın gələcək həyatında mühüm rol oynayacağını qeyd edib,
onlara təhsil uğurları arzulayıb.




Görüş səmərəli fikir mübadiləsi, açıq dialoq mühitində
keçirilib.

Məktəbin kollektivinin və valideynlərin iştirakı ilə keçirilən
müzakirələr zamanı qeyd olunub ki, həftəsonu məktəbi yalnız dil və
mədəniyyətin öyrədilməsi ilə kifayətlənmir, eyni zamanda müasir
rəqəmsal bacarıqlarla zəngin, çevik və qlobal düşüncəli diaspor
nəslinin yetişməsinə şərait yaradır, bölgədə ölkəmizin müsbət
imicinin formalaşmasına töhfə verir.

Tədbirin sonunda şagirdlər zəngin və rəngarəng mədəni proqram
təqdim ediblər. Proqram çərçivəsində onlar müxtəlif
ədəbi-kompozisiyalar təqdim edib, şeirlər səsləndirib, milli musiqi
nömrələri ifa ediblər. Onların çıxışları böyük rəğbətlə qarşılanıb.
Hazırlanan proqram yalnız əyləncə xarakteri daşımayıb, eyni zamanda
milli kimliyin, dilin və mədəni irsin qorunub gələcək nəsillərə
ötürülməsinin vacibliyini nümayiş etdirib.

Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 100-ə yaxın
həftəsonu Azərbaycan məktəbi var. Azərbaycan dövləti həmin
məktəbləri, o cümlədən 20 aprel 2019-cu ildə Fransanın Nant
şəhərində açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəbini lazım
olan bütün vəsaitlə təmin edir və fəaliyyətlərinə dəstək
göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir