
Bakı. Trend:
Cənubi Qafqazda sülh və rifahın hökm sürdüyü dinc bir gələcəyin
qurulması istiqamətində atılan addımları yüksək
qiymətləndiririk.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
İstanbulda keçirilən Parlamentlərarası Birliyin (PAİ) 152-ci
Assambleyasının iştirakçılarına müraciətində deyib.
Türkiyə prezidenti dünya birliyini bundan nümunə götürməyə
çağırıb.
“Parlamentlərarası İttifaq düz 137 ildir ki, çox vacib bir
funksiyanı yerinə yetirir. Bu axşam bir daha “Hamı üçün
demokratiya” anlayışı ilə parlament demokratiyasına yol açan bu
birliyin hörmətli üzvlərinə təşəkkür etmək istəyirəm. Mən Birliyin
dialoq və əməkdaşlıq üçün imkanların artırılmasına, sülh və ədalətə
yönəlmiş təşəbbüslərin gücləndirilməsinə əsaslanan missiyasını
yüksək qiymətləndirirəm”, – deyə o bildirib.

