
Bakı. Trend:
Azərbaycanın “C5+” formatında iştirakı regional sinerjini əlavə
olaraq gücləndirir, investisiya, ticarət, enerji və nəqliyyat
sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Trend xəbər verir
ki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Müzəffər
Madrahimov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel
müzakirəsində deyib.
Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm məsləhətləşmə
görüşləri regional qarşılıqlı fəaliyyət üçün möhkəm əsas və həyati
əhəmiyyətli məsələlər üzrə razılaşdırılmış qərarların qəbul
edilməsi üçün effektiv mexanizmə çevrilib.
“Nəticədə praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanan
yeni regionalizm modeli formalaşır. Bu, “C5+” formatını gücləndirib
və onun qlobal dialoq və diplomatiya arxitekturasındakı rolunu
möhkəmləndirib. Azərbaycanın iştirakı isə regional sinerjini daha
da artıraraq investisiya, ticarət, enerji və nəqliyyat sahələrində
əməkdaşlıq üçün yeni imkanlar yaradır”, – deyə o qeyd edib.
Madrahimov vurğulayıb ki, Özbəkistan ilk növbədə Mərkəzi Asiya
və türk dünyası ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla, eləcə
də Çin, Rusiya, Avropa İttifaqı, ABŞ və digər dövlətlər daxil
olmaqla geniş beynəlxalq tərəfdaşlar dairəsi ilə geniş və
qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

