
Bakı. Trend:
ABŞ-nin irəli sürdüyü yeni təklifləri müzakirə edirik.
Trend-in
məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası
bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ danışıqlardan əvvəl İranın 10 maddəlik
planı çərçivəsində hərəkət etməyi qəbul etsə də, danışıqlar zamanı
yeni və həddindən artıq tələblər irəli sürüb. Bu isə İran nümayəndə
heyətinin qəti mövqeyi ilə qarşılanıb və qarşı tərəf anlayıb ki,
İran heç bir halda öz mövqelərindən geri çəkilməyəcək.
Bəyanatda qeyd olunur ki, bu səbəbdən danışıqların bu mərhələsi
konkret nəticə olmadan başa çatıb və davamı ABŞ-nin mövqelərini
reallığa uyğunlaşdıracağı vaxta saxlanılıb.
“Son günlər Pakistan ordusunun komandanının Tehrana səfəri və
vasitəçi kimi iştirakı ilə ABŞ tərəfindən yeni təkliflər təqdim
olunub və İran hazırda onları araşdırır, hələlik cavab verməyib.
İran əldə olunan tarixi qələbələri möhkəmləndirmək üçün heç bir
güzəştə getməyəcək,ölkənin maraqlarını qoruyacaq”, – deyə bəyanatda
bildirilib.
Bəyanatda qeyd edilib ki, İran müharibə bitənə və davamlı sülh
əldə olunana qədər bu boğazdakı hərəkətə nəzarəti davam etdirməkdə
qərarlıdır. Bu nəzarət keçən gəmilər haqqında tam məlumatın
alınması, İranın müəyyən etdiyi qaydalara uyğun keçid icazələrinin
verilməsi, təhlükəsizlik, mühafizə və ekoloji xidmətlərə görə
ödənişlərin alınması və müəyyən edilmiş marşrutlar üzrə hərəkət
etməklə həyata keçiriləcək. Həmçinin, qarşı tərəf tərəfindən dəniz
blokadası və ya gəmi hərəkətinə maneələr yaradılarsa, bu atəşkəsin
pozulması hesab olunacaq və İran Hörmüz boğazının məhdud açılmasını
dayandıracaq.

